​Belçikada silsilə tədbirlər: Qərbi Azərbaycanlıların haqq səsi dünyaya çatdırılır

​Belçikada silsilə tədbirlər: Qərbi Azərbaycanlıların haqq səsi dünyaya çatdırılır
10:17 22.10.2024
675 Siyasət
A- A+
23-27 oktyabr 2024-cü il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda silsilə tədbirlər keçiriləcək.


Onder.tv xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində tərəfdaş təşkilat Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir. 


Avropanın siyasi mərkəzində həyata keçirilən layihənin məqsədi Qərbi Azərbaycandan didərgin salınmış və deportasiya edilmiş soydaşlarımızın beynəlxalq hüquqa və konvensiyalara uyğun olaraq öz doğma yurdlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmin edilməsi və bu prosesdə Ermənistanın öz öhdəliklərini yerinə yetirməsinin vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Layihəyə əsasən Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı təmin edilənədək bu yolda səylər davam etdiriləcək. 


Səfər proqramına uyğun olaraq oktyabrın 24-də gün ərzində Brüssel şəhərində fəaliyyət göstərən bələdiyyələrlə, millət vəkilləri ilə, 25 oktyabr tarixində saat 10.00-dan 15.00-dək ayrı-ayrı təşkilatlarla görüşlər keçiriləcək. Həmin gün saat 16.00-dan 18.00-dək Brüssel şəhərində Haachtse Steenweg 173, 1030 Schaarbeek ünvanında yerləşən Türk Dərnəkləri Birliyi Mərkəzində beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycandan gələn nümayəndə heyəti - layihə rəhbəri, ATXƏM İB-nin sədri, Qərbi Azərbaycan əsilli İlham İsmayılov, layihənin ekspertləri "Cəmiyyətin İnkişafi Mərkəzi" İB-nin sədri, Qərbi Azərbaycan əsilli Əhməd Abbasbəyli, Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənov, LAF TV-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılova və ictimai fəal "İnkişafa və İslahatlara Dəstək" İB-nin sədri, Qərbi Azərbaycan əsilli Ramil Əliyev, həmçinin Belçikada fəaliyyət göstərən Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz, Azərbaycan-Belçika-Dostluq Cəmiyyətinin sədri, Qərbi Azərbaycan əsilli Ayhan Dəmirçi, Belçika-Gent Türk Ocaqları Mərkəzinin rəhbəri Rəcəp Tuncer Sarı, Belinuks Azərbaycanlıları Konqresinin prezidenti, Qərbi Azərbaycan əsilli Elsevər Məmmədov, Niderland AzərbaycanTürk Mədəniyyət Dərnəyinin sədri, Qərbi Azərbaycan əsilli İlhan Aşkın, həmçinin Azərbaycanın Belçikadakı diplomatik korpusunun, diaspora təşkilatlarının təmsilçiləri, yerli mətbuat nümayəndələri, Belçika, Niderland, Azərbaycan, türk icmalarının üzvləri iştirak edəcəklər. 


Konfransda "İrəvan- gizlədilmiş həqiqətlər" sənədlı filmi nümayiş etdiriləcək. Konfransdan sonra tədbir iştirakçılarının şərəfinə qala şam yeməyi təşkil ediləcək. Oktyabrın 26-da saat 14.00-dan 16.00-dək TÜRKSAT TV-də yayımlanan Avropa Kanalının Almaniyanın Limburg şəhərində yerləşən ofisində layihə rəhbərinin və ekspertlərin iştirakı ilə mövzu ilə bağlı təşkil olunmuş verilişdə geniş məlumatlar veriləcək və ətraflı müzakirələr aparılacaq. Həmin gün saat 19.00-dan 21.00-də isə Belçikanın Heusden şəhərində Türk Dünyası Dayanışma Platformunda görüş keçiriləcək.