“Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.”
Müzəffər Ali Baş Komandan İlham Əliyev
Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından dörd il ötür.
10 noyabr tarixi - Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı.
10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti - Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Elə ermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapa bilməməsinin də səbəbi məhz bu idi.
Dövlət başçısı cənab İlham Əliyev 10 noyabr tarixində xalqa müraciətində məsələyə bu cür münasibət bildirmişdi:
"Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!".
Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və "qələbə" iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər.
Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı idi. Prezident İlham Əliyev müzəffər komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi.
Siyasi arenada Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izlər yaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqresiyasına layiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı. Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlı formalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi.
Ermənilər gördülər ki, "məğlubedilməz erməni ordusu", "ölməz erməni ruhu" kimi miflər puç oldu. Onların ordusu nəinki məğlub oldu, hətta sözün əsl mənasında bu işğalçı ordunun varlığına belə son qoyuldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərmək iqtidarında olmadıqlarını bəyan etdilər.
Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydu. Onlar anladılar ki, qapıldıqları eyforiyanın sonu yetişib. Artıq Azərbaycan ordusu tarixi ədaləti bərpa edib, düşməni öz torpaqlarından əbədi olaraq təmizləyib. Artıq Qarabağda və Şərqi Zəngəzurda erməni separatizminə yer qalmayıb, Azərbaycan ordusu bu ərazilərə sülh və əmin-amanlıq bəxş edib.
Erməni tərəfinin illərlə davam edən talançılıq və vandalizm aktlarına nöqtə qoyulub. Artıq torpaqların əsl sahibləri geri dönüb. Kapitulyasiya aktını imzalayan Ermənistanın əsl üzü də məhz ortaya qoyulub. Qarabağı, Şərqi Zəngəzuru viran qoyan erməni ordusu qarşısındakı ordunun rəşadəti qarşısında duruş gətirə bilməyib birbaşa gəldiyi yerə qədər qaçıb.
10 noyabr üzərindən illər keçsə də, Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.
Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin sülh üzərində qələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçün separatçı ideyaların süqutu, miflərin darmadağın olması və məğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədən cəbhədə və siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistan isə aciz kapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!
Bəyanatın imzalanması ilə əsası qoyulmuş siyasi, diplomatik və iqtisadi uğurlar:
- Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılması;
- Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması;
- Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması;
- Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması və fəaliyyətə başlaması;
- Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması;
- “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması;
- 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması;
- 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyinin tam bərpası.
Həmid MEHDİYEV, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü