​İlan qabığın dəyişdi...

​İlan qabığın dəyişdi...
16:23 10.01.2025
160 Siyasət
A- A+

İlan ilinin əvvəlində sosial şəbəkəyə ötəri nəzər salırdım, qarşıma çıxan siyasi xəbər ilan kimi sancdı məni. Baxırsan ki, xəbər şəklində paylaşım edib, amma, qarşı tərəfin fikrilə razılığını da bəyan edir. Bəzi özünü müxalifətçi hesab edənlərin İlham Əliyev - Nikol Paşinyan dioloqu ilə bağlı paylaşımlarındakı aşkar Paşinyan sevgisi həqiqətən təəssüfedicidir. Sən ölkənin ərazi bütövlüyündən söhbət gedərkən necə düşmən tərəfə simpatiya bəsləyə bilirsən? Hətta Nikolun arada aşpazlıq etməsinə hayıl-mayıl olub onu fövqəladə humanist insan kimi təqdim edənlər də var. Paşinyan yaxşı xaş bişirib Ermənistanın "xaş naziri" də ola bilər. Lakin o, Ermənistanın Baş naziri kimi bizim milli maraqlarımıza qarşıdırsa, o, mənim üçün humanist yox, gumanistdir. Guman edir ki, nəsə edə bilər.

Xiyarın tərkibi bostanda bir başqa olur, bankada tutma olduqdan sonra bir başqa. Şoraba şəklində xiyarın zəhərləmə təsiri daha yüksəkdir.

Biri var ölkədə hansısa məmurun yarıtmaz fəaliyyətini, özünəxidmətini tənqid edəsən, biri də var ümumi məsələdə düşmənə sevgi bəsləyəsən. Mən sizi əmin edirəm ki, hər vəchlə dövlət mexanizmini xarab etməyə çalışan, yalnız özünü düşünən məmurla məhz vətən, dövlət məsələsində düşmənə simpatiya bəsləyənlər eyni məxluqlardır. Hər iksi qana düşən mikrobdur. Və bu haqqında danışdığım "azad düşüncə"lilər daha betərdirlər.

Fransanın, mövcud Makron hakimiyyətinin Ermənistanı dəstəkləməsi və prezident İlham Əliyevin Makrona iradəli cavablarından dolayı Makronu müdafiə edərək, Əliyevə tənqidi yanaşma sərgiləyənlərə də milli demək özü qeyri-etikdir. Və bu bir daha göstərir ki, beləsi aydın yox, "caydın"dır.

Hə, bu arada yaxşı yadıma düşdü. Deyirəm, Paşinyan yaxşı ki saqqalın qırxdı. Mən narahat idim ki, Paşinyanın iran mollaları kimi saqqal saxlamasından dolayı onu bəziləri "ayətulla" hesab edəcək, fətvasına "ləbbeyk" deyəcəklər. Yaxşı ki olmadı. Saqqal elə-belə şey deyil. İlan qabığın dəyişdi.

Yusif Nazim Ərəbsoy