Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Lakin məktəbli formaları ilə bağlı valideynlərin yaşadığı problemlər təəssüf ki, davam edir.
Sulh.info.az mövzu ilə bağlı yaşanan problemlərə açıqlama verməsi üçün “Bakı Tikiş Evi”nin nümayəndəsi ilə əlaqə saxlayıb. Saytımıza danışan Etibar Əzimov bunları deyib:
“Formaların hazırlanması böyük vaxt və zəhmət tələb edir. Bildiyimiz kimi yeni məktəb formaları mart ayının sonunda təsdiq edildi. Formalar 4 rəngdə olmalıdır və məktəblər qərar verməlidir ki, hansı rəngdə formalar sifariş verəcəklər. Lakin heç bir məktəb nümayəndələri bizimlə əlaqə saxlamadı. Qaydalara görə, yazıldığı kimi köynəklərin tərkibi 100 faiz pambıq, şalvarlar və ətəklərin tərkibi isə 60 faiz yun, 40 faiz polyester olmalıdır. Bu materialları Belarusiyadan, Türkiyədən alırıq. Bu tərkiblərin də sifariş müddəti 45-60 gün təşkil edir. Bizə çatdırılması da 14 gün edir. Belə ki, bizimlə heç bir müəssisə əlaqə saxlamayıb, sifariş verməyib. Biz də özümüz formaları hazırlamağa başladıq ki, Azərbaycanda da formalar olsun.
Beləliklə, bu formalarda yaranan problemlərin səbəbi ondadır ki, formalar təsdiq edildi, lakin kim hazırlayacaq deyilmədi. Buna görə də dedilər ki, 1-4-cü siniflər forma ilə təmin edilsin. Lakin məktəblər bütün sinifləri göndərirlər ki, Bakı Tikiş Evindən almalısınız. Biz yuxarı siniflər üçün hazırlıq görmədik. Çünki bizim əsas işimiz hərbi formaları hazırlamaqdır. Və hal-hazırda onları dayandırıb yuxarı siniflər üçün məktəbli formaları hazırlaya bilmərik. Hərbi formalar hər şeydən vacibdir”.
Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov da fikirlərini bizimlə bölüşdü:
“4 növdən hazırlanmış formaların bir növünü məktəblər pedoqoji şura təşkil edib, seçim edərək tikiş fabrikinə sifariş verməli idi. Formaların təsdiq edilməsindən 6 ay keçməsinə baxmayaraq məktəblərdə pedoqoji şura toplanmadı, sifarişlər verilmədi və çıxan nəticələrdən 2 ay öncə “Bakı Tikiş Evi” formaların tikişinə başladı. Bu səbəbdən də formalarla bağlı problemlərin səbəbi tikiş fabrikinin yox, məktəblərin sifarişi vaxtinda verməməsidir.
Digər tərəfdən də valideynlər ənənəvi olaraq bir həftə qalmış forma almağa başlayırlar. Bu da sıxlığa səbəb olur. Tikiş fabriki kifayət qədər forma tikib. Nəzərə alsaq ki, ölkədə 1.600.000 şagird var. Bu qısa müddətdə formaların tikilməsi və alıcılara çatdırılması ilə bağlı işlər görülür. Valideynlərə səbrli olmaqlarını arzu edirəm. Çünki formaların çatdırılması ilə bağlı işlər görülür”.
Sulh.info.az