​Tələbələrin kirayə ev problemi: Bazarda vəziyyət necədir? - EKSPERT AÇIQLADI

​Tələbələrin kirayə ev problemi: Bazarda vəziyyət necədir? -
12:15 12.09.2022
652 Ölkə
A- A+

Ali təhsil müəssisələrində yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu da o deməkdir ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarından paytaxt Bakıya tələbələrin axını baş tutur. Bəs Bakıda kirayə mənzil bazarında durum necədir?

Sulh.info.az bildirir ki, mövzu ilə bağlı saytımıza danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tələbələrin Bakıya gəlişi ilə əlaqədar kirayə mənzil bazarında qiymət artımı müşahidə olunur:

"Yay ayları ilə müqayisədə kirayə mənzillərin qiymətlərində 15-20% artım müşahidə olunur. Yəni iyun-iyul aylarında 300-350 manata təklif olunan mənzillər indi təqribən 400 manata qədər yüksəlib. Kirayə mənzillərə təlabat ən çox Yasamal və Nərimanov rayonlarındadır. Bu da ona görədir ki, ali təhsil müəssisələrinin bir çoxu bu ərazilərdə yerləşir. Qiymətlərin baha olduğu zaman tələbələr Bakı ətrafında yerləşən Xırdalan, Abşeron, Masazır kimi ərazilərə üz tuturlar. Bu da onların gün ərzində azı 1-2 saat vaxt itkisinə səbəb olur.

Kirayə qiymətlərin tənzimlənməsi, tələbələrin ev problemlərini aradan qaldırmaq üçün tələbə yataqxanaları bərpa olunmalıdır. Bu yataqxanalar tələbələrə ucuz qiymətə təklif olunmalıdır. Çünki bölgələrdən paytaxta üz tutan ailələrin əksəriyyəti az təminatlıdır. Yataqxanalar tikilərsə  tələbələrin büdcə və ev problemləri aradan qalxmış olar".

Ekspert qeyd etdi ki, demək olar ki, yaxın bir il ərzində ucuz kirayəlik mənzillər paytaxtın əmlak bazarından çıxmış olacaq:

"Ümumi əmlak bazarına nəzər salsaq görərik ki, Nazirlər kabinetinin 2016-cı il 86 saylı sərəncamı ilə Bakı şəhərində istismar müddətini bitirmiş binaların sökülərək yenilənməsi ilə bağlı sərəncam imzalandı. Bu sərəncamla Bakı şəhərində çox sayda çoxmənzilli, köhnə, istismar müddətini bitirmiş yaşayış binaları sökülərək yeni tikili binalarla əvəzləndi. Köhnə tikili dörd-beş mərtəbəli binalar, həmçinin fərdi həyət evləri sökülür. Sökülən zaman o binalarda yaşayan sakinlər binalar tikilib onlara təhvil verilənə qədər məcburən kirayəyə çıxırlar. Bir binanın sökülüb yenisinin tikilməsi təxminən 2-3 il müddəti əhatə edir. Bu da o deməkdir ki, kirayə  bazarındaki mənzillərin bir hissəsini evləri sökülən sakinlər kirayə edirlər. Sökülən bütün binalarda çoxsaylı kirayə mənzillər olur.

Artıq binalar söküləndə həmin kirayəlik mənzillər kirayə bazarına çıxır. Sökülən hər köhnə tikilinin yerində isə hündür mərtəbəli, geniş, tam təmirli bina tikilir. Bununla da artıq yeni qiymətlər ortaya çıxır. Demək olar ki, bu mənzillər 2 dəfəyə qədər baha təqdim olunur. Yəni köhnə tikili binalarda bir otaqlı mənzil təxminən 300-350 manatdırsa, yeni qiymətlərlə bu qiymət 500 manat, iki otaqlı mənzillər 400-450 manat idisə yeni binalarda 600-700 manat olur. Üç otaqlı mənzillər isə 500 manata təklif olunurdusa, artıq yeni tikili binalarda 700-1000-a qədər qiymət fərqi özünü göstərəcək. Və əlavə olaraq kommunal xərclər də digər tərəfdən qiyməti artırır".