​Qarabağda yenidən genişmiqyaslı müharibə başlayacaq? - Hərbi ekspertdən AÇIQLAMA

​Qarabağda yenidən genişmiqyaslı müharibə başlayacaq? -
14:50 13.09.2022
596 Siyasət
A- A+

Cəbhədə baş verən hadisələri müxtəlif cür dəyərləndirmək mümkündür. Bunlardan biri Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınması, digəri də münaqişənin həlli ilə bağlı aparılan danışıqlar formatının dəyişdirilməsidir”.

Sülh.info.az xəbər verir ki, bu sözləri ötən gün cəbhədə yaranan proseslər haqqında saytımıza danışarkən hərbi ekspert Ramil Məmmədli qeyd edib:

“Münaqişənin həllində vasitəçi tərəf olaraq son iki ildə Rusiya iştirak etmir, müharibə vəziyyətini Qərbin Cənubi Qafqazdakı proseslərdən istifadə edərək Rusiyanı neytrallaşdırmaq cəhdi kimi qəbul edirəm. Qərb bu problemi tək həll edərək, Cənubi Qafqazda söz sahibi olmaq niyyətindədir. Ermənistan isə bu niyyətin Qərb tərəfində dayanır. Əgər belə olmasa idi, Ermənistan Fransa rəsmilərinin fikirlərinin davamı olaraq münaqişənin həllinin yenidən ATƏT-in Minsk qrupu çərçivəsində davam etməsini istəməzdi".

"Bu təxribatlar da  diqqəti münaqişələrə yönəltmək, ermənilərin hüquqi statusunu əldə etmək kimi məsələlərə gətirib çıxarır. Azərbaycan üçün isə 2020-ci il Bəyənatından irəli gələn müddəalar daha uyğundur. Bu müddəalar Azərbaycanın maraqlarına qismən xidmət edir, nəinki ATƏT-in Minsk qrupunun”.

Eyni zamanda ekspert hazırkı şəraitdə hər hansı genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi ehtimalı olmadığını qeyd edib:

“Düşünürəm ki, baş verən hadisələr onu deməyə əsas verir ki, hazırkı məqamda irimiqyaslı hərbi əməliyyatların keçirilməsi ehtimalı yüksək deyil. Sadəcə Ermənistan bu münaqişədə müəyyən diqqət qazanaraq üstünlük əldə etmək niyyətindədir. Bu Azərbaycanın siyasi iradəsinə əks olduğu üçün Ermənistana hər hansı bir üstünlük qazandıra bilməz”.

Fidan Ali / Sulh.info.az