"Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir"
Sülh.info.az xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri, baş nazirin müavini Muxtar Tleuberdi dünyanın ənənəvi dini liderlərinin qurultayında bildirib. Bildirib ki, Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək.
Nazir “Qazaxıstan Ermənistana öz sülhməramlılarını göndərəcəkmi?” sualına cavab olaraq “Yox, hələ gündəlikdə belə bir məsələ yoxdur” - deyə bildirib.
O, sentyabrın 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclasının keçirildiyini xatırladıb. Eyni zamanda qeyd edib ki, hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpasıdır:
“Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir. Qazaxıstan sərhədin müəyyənləşdirilməsi üzrə təcrübəsinin bölüşməyə hazırdır. Biz Rusiya istisna olmaqla bütün qonşu dövlətlərlə sərhədlərimizi müəyyənləşdirmişik. Rusiya ilə bu istiqamətdə razılaşma 2-3 il davam edə bilər”.