​"Əgər Ermənistan bunu etməsə, mövcudluğu sual altına düşəcək..." - Politoloqdan AÇIQLAMA

​
14:33 14.09.2022
629 Siyasət
A- A+

“Ermənistan hər nə qədər fərqli təqdim etməyə çalışsa da təxribatı törədən Ermənistan, adekvat cavab verən tərəf isə Azərbaycandır. Sərhəd demarkasiya olunmayıb, ilkin olaraq məhz bu edilməlidir. Xarici İşlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə də "Şərti dövlət sərhədi" ifadəsi də məhz bu məsələyə dəlalət edir”. 

Sülh.info.az xəbər verir ki, bu fikirləri sərhəddə baş verən hadisələrlə bağlı saytımıza danışan politoloq Şəbnəm Həsənova bildirib.

“Əgər demarkasiya sərhədi yoxdursa hansı KTMT, hansı sülhməramlı? Ermənistanın bu xülyalarına da Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdidən cavab gəldi artıq. Ermənistan artıq ayıq başla hərəkət etməlidir. Mövcud vəziyyət isə bir daha aydın göstərdi ki, Azərbaycan sərhədi yaxınlığında təhlükəsizlik zolağı yaradılmalıdır. Yalnız bu addım ölkənin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi üçün alternativsiz çıxış yoludur.

Təxribatlar həm beynəlxalq hüququn, həm də üçtərəfli bəyanatların pozulmasıdır. Xarici qüvvələrin dəstəyindən qidalanan Ermənistan sülh prosesini sarsıtmaq üçün hər yola əl atır. Mövcud vəziyyət bir daha sübut edir ki, Azərbaycanın “dəmir yumruğu” daim Ermənistanın başı üstündə olmalıdır. Nəzərə alsaq ki, məsələlər regional kontekstdən çıxıb qlobal müstəvidə daha da dərinləşir, o zaman aydın görünən reallıq odur ki, hər bir regional və qlobal aktor Ermənistandan öz maraqları üçün istifadə edir. Təbii ki, istifadə olunmağa alışmış Ermənistan üstəgəl öz məkirli xisləti ilə daha da azğınlaşır, azğınlaşdırılır”.

Eyni zamanda politoloq qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşacağı təqdirdə mümkün ola bilər:

“Qəti şəkildə daha Türkiyənin aktiv olmaması mümkün ssenari belə deyil. Şuşa Bəyannaməsi hər bir aktora məlum olan və son xəttin haradan keçdiyinə hüquqi əsaslar verən sənəddir. İstər illər ərzində, istərsə də 44 günün hər günü Türkiyə dövlətindən, cəmiyyətindən dəstək gəldi. Son təxribatlarla bağlı da Türkiyə qəti mövqe ortaya qoydu və bildirdi ki, Ermənistan bütün pozucu addımlara son verməlidir. Türkiyə həm Ermənistana, həm də regional və qlobal olmaqla bütün aktorlara çatdırdı ki, Azərbaycan yalnız deyil, hər zaman bizim yanımızdadır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məhz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından keçir. Ayrı cür düşünmək belə mümkün deyil".

"Bu mesajın verilməsinin əsas səbəbi isə zənnimcə odur ki, düşünülürsə fərqli regionlarda Türkiyəyə təzyiq etməklə, onu sıxışdırmaqla xristian amilindən, həmrəyliyindən istifadə edərək nəyəsə, indiki məqamda isə Ermənistanı dirçəltməklə öz maraqlarına nail ola bilərlər, o zaman yanılırlar. Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirir ki, Türkiyə amili regionda öz məkirli planlarını həyata keçirmək istəyən bütün qüvvələrin qarşısında sipərdir. Azərbaycan müharibə bitər-bitməz Ermənistana sülh təklifi etdi, sülh üçün dəfələrlə imkan yarandı. Hətta təxribatlardan öncə də Azərbaycan 5 erməni hərbçisini İrəvana təhvil verdi. Ermənistan sabitlik və rifah istəyirsə sülhə gəlməlidir. Əks halda bir dövlət kimi legitimliyi sual altına düşəcək”.

Fidan Ali / Sulh.info.az