​"Qonşular arasında gərək sülh olsun, müharibə daimi ola bilməz" - Politoloq

​
12:15 15.09.2022
429 Siyasət
A- A+

Bu proseslərin sonunda sülh olacaq. Sülh müqaviləsinin bağlanmasından ötrü gərək Ermənistan öz suveren hüquqlarını bərpa etsin, öz dövlət xəttini müəyyən etsin və qonşuluq siyasəti ilə bağlı öz hədəflərini artıq bəyan etsin. Erməni xalqının bu proseslərdə iştah nümayiş etdirməsi ağlasığmazdır”.

Sülh.info.az xəbər verir ki, bu sözləri Azərbaycan-Ermənistan arasındakı vəziyyətlə bağlı saytımıza danışan politoloq Tofiq Abbasov bildirib:

“Siyasi aləmdə gərək qonşuların ilə ünsiyyət qura biləsən, çünki daim müharibə etmək olmaz. Tarixdə nümunələr var. Almanlar ilə fransızlar 4-5 əsr ardıcıl olaraq müharibə ediblər. Amma əvvəl-axır onlar sülhə gələ biliblər. Onların müharibələrinin gedişatında da arabir sülh olurdu və bunun üçün davamlı cəhd edirdilər.

Ermənistanın müstəqil siyasəti yoxdur. Paşinyanın səy göstərməsinin səbəbi də ondan ibarətdir ki, ya diasporun sözü ilə hərəkət edir, ya da fövqəl qüvvələrin. O fövqəl qüvvələr Ermənistandan alət kimi istifadə edirlər. Burada sülh olmasını istəmirlər. Həmin qüvvələr çalışırlar ki, Ermənistanı ortaqlıqda araqarışdıran bir komponent kimi istifadə etsinlər. Ermənistan da bunu edir. Bunun üçün də təxribatlarını Azərbaycana doğru yönəldir. Azərbaycan bu təxribatların hamısının cavabını verir və verəcək”.

Politoloq eyni zamanda qeyd edib ki, bu proseslərin sonunda sülhün olması mütləqdir:

“Biz bir daha şans verməyəcəyik ki, onlar baş qaldırsınlar, özlərini yalançı qalib kimi aparsınlar. Təbii ki, belə olduğu halda bizim bir hədəfimiz var. Dünyada öz şıltaqlığı ilə diqqət çəkən Ermənistanı ram edərək, ağıla gətirək. Hamı üçün sülh lazımdır, qonşu Gürcüstan, Rusiya, Türkiyə üçün də. Əgər Ermənistan öz daxilində özünü islah edə bilmirsə, biz buna göz yummayacağıq. Təhdidlər varsa, biz gərək onların qarşısını alaq.

Bu proseslərin sonunda mütləqdir ki, sülh olacaq. Azərbaycan sülhə hazırdır, Ermənistan isə hazır deyil. Biz onları sülhə məcbur da edə bilərik, bu bizim səlahiyyətimizdədir. Çünki biz davamlı olaraq qonşu dövlətlər tərəfindən təhdidləri qəbul etməli deyilik. Əgər bu proses daimi hal alacaqsa, biz bununla bağlı tədbirlər görəcəyik ki, özümüzü Ermənistandan etibarlı şəkildə sığortalaya bilək”.

Fidan Ali / Sulh.info.az