Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Şişin Çen Azərbaycan Baş naziri Əli Əsədov ilə görüşdə bankın ölkənin inkişaf prioritetlərinə və islahatlara verdiyi dəstəyi müzakirə edib.
Bu barədə SÜLH.İNFO.az ADB-yə istinadən xəbər verir.
"23 ildir ki, ADB Azərbaycanın davamlı inkişafının təşviqində ölkənin sabit tərəfdaşıdır, - deyə cənab Ş.Çen bildirib. - Ölkə ciddi inkişafa nail olub, lakin çağırışlar hələ də qalmaqdadır. Asiya İnkişaf Bankı investisiya mühitini yaxşılaşdırmaq, enerji sektorunun inkişafını təşviq etmək, "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatı inkişaf etdirmək üçün hökumətin apardığı islahatları dəstəkləməyə qətiyyətlə sadiqdir”.
Bankın vitse-prezidenti maliyyə naziri və ADB üzrə müdir Samir Şərifov, iqtisadiyyat naziri və ADB üzrə alternativ müdir Mikayıl Cabbarov və digər yüksək vəzifəli hökumət rəsmiləri ilə Asiya İnkişaf Bankının davam edən və planlaşdırılan əməliyyatlarını da müzakirə edib.
ADB-in 2022-2023-cü illərdə yardımının peşə təhsili sektorunda islahatlara və Naxçıvan Muxtar Respublikasında irriqasiyanın bərpasına yönəldilməsi gözlənilir. ADB və Azərbaycan 2024-2028-ci illər üçün yeni 5 illik ölkə tərəfdaşlıq strategiyasını hazırlayır və bu strategiya ölkənin iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləməyə davam edəcək, eləcə də hökumətin inkişaf strategiyası və ADB-in 2030-cu il Strategiyası ilə sıx uyğunlaşacaqdır.
Sentyabrın 13-də Ş.Çen Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb, ADB tərəfindən dəstəklənən su təchizatı layihələrinin həyata keçirildiyi ərazilərə baş çəkib və Bankin maliyyəsi ilə bərpa olunacaq suvarma sistemlərini, eləcə də regional əlaqə imkanlarını müzakirə edib.
Ş.Çen həmçinin hökumət, beyin mərkəzləri və özəl sektordan olan ekspertlərin regional çağırışları və imkanları müzakirə etdiyi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun Beyin Mərkəzlərinin İnkişafı Forumunda açılış nitqi ilə çıxış edib.
Xatırladaq ki, Azərbaycana 1999-cu ildə ADB-yə üzv olduqdan sonra bank 3,6 milyard ABŞ dollardan çox kredit, 2,5 milyon ABŞ dolları qrant və 32,4 milyon ABŞ dolları texniki yardım ayırıb. ADB-in ölkədəki əməliyyatları inklüziv inkişafın və iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinə, dövlət və sosial xidmətlərə çıxışın yaxşılaşdırılmasına, regional əməkdaşlıq və inteqrasiyadan istifadəyə yönəlib. ADB kəskin yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, dayanıqlı və davamlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir.
1966-cı ildə yaradılmış bank 68 üzv dövlətə məxsusdur ki, bunlardan 49-u regionu təmsil edir.