“Ermənistan baş naziri verdiyi vədləri yerinə yetirməlidir. Kimin müdaxilə etməsindən asılı olmayaraq, Azərbaycan konkret şəkildə öz şərtlərini irəli sürüb. Əlbəttə ki, siyasi toqquşma son proseslərə təsirsiz ötüşmədi. Proqnozlaşdırılan idi ki, Ukrayna hadisələrindən sonra ABŞ və Rusiya arasında Cənubi Qafqazda toqquşma olacaq”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza danışan politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, sülh müqaviləsinin imzalanmaması regionda gərginliyi artırır:
“Biz artıq İranın, Fransanın, Rusiyanın, ABŞ-ın, Türkiyənin Cənubi Qafqaz uğrunda yeni savaşa başlayacaqlarını görürük. Hələ ki, savaş diplomatik yolla, diplomatik üsullarla yeridilməkdədir. Müəyyən xəbərdarlıqlar var, qırmızı xətlər var. Amma bundan sonra əlbəttə ki, diplomatiyadan digər müstəviyə də keçə bilər. Ermənistan baş naziri N.Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaması, digər şərtləri yerinə yetirməməsi ABŞ və Rusiya arasında son kobud manevrdədir. Regionda yeni müharibələr riskini artırır".
Politoloqun fikrincə, Ermənistanın parçalanması Rusiya üçün hazırda əsas istiqamətlərdən biridir:
"Bu müharibələrdə artıq kimin hansı mövqedə duracağı, kimin hansı tərəflə mübarizə aparması kimi çox vacib nüanslar ortaya çıxır. Rusiya bundan dərs çıxarmalıdır. Erməni dövlətinin parçalanması da hazırda Kremldə vacib istiqamətlərdən biridir. Əlbəttə ki, ABŞ da regiona kiminsə vasitəsi ilə yaxınlaşır. Demokratlar administrasiyası Ermənistan vasitəsi ilə Rusiya sərhədlərinə yaxınlaşmağı əsas məqsəd güdür”.
Fidan Ali / Sulh.info.az