Biləsuvarda Həzi Aslanov küçəsinin sakinləri məişət tullantılarının yığışdırılmamasından şikayətçidirlər.
Bu barədə "Report"un Muğan bürosuna yerli sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, yığışdırılmayan zibillər artıq avtomobil yoluna qədər yayılıb:
"Zibil qutusu olmadığı üçün hamı gətirib zibili yolun kənarına atır. Üfunət iyindən bu ərazidən keçmək olmur. Küçə itləri də bu ərazidə təhlükəli vəziyyət yaradıb. Sağlamlığımız üçün təhlükə yaranıb. Xahiş edirik ki, bu əraziyə zibil qabları qoyulsun".
Problemlə bağlı Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatından bildirildi ki, mövcud problemdən xəbərdardırlar:
"Lakin həmin küçədə yaşayan sakinlərin müəssisə ilə müqaviləsi olmadığı üçün zibilin daşınması mümkün deyil".

