“KTMT Azərbaycan-Ermənistan sərhəddinə bir qrup göndərmişdi. Çünki 12 sentyabr hadisələrindən sonra KTMT bir qrup göndərərək həmin yerdə monitorinq aparmaq üçün qərar almışdı. Düşünürəm ki, qrupun Ermənistandan sonra Moskvaya getməsi proseslərin Moskvanın nəzarəti altında olmasından xəbər verir. Yəni KTMT qrupunun məhz birbaşa Moskva qarşısında öhdəliyi olduğu göstərilir”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza danışan politoloq Samir Hümbətov bildirib:
“Yaxın zamanda regionda baş verən istənilən bir prosesin KTMT ilə bağlı olduğu ortaya çıxa bilər. Digər önəmli məqam isə ondan ibarətdir ki, məhz son dövrlər Ermənistanın KTMT-dən çıxması ilə bağlı fikirlərdir. Hətta Ermənistanda bu məsələ ilə bağlı mitinqlər keçirilirdi. Bu qrupun birbaşa Moskvaya getməsi də simvolik xarakter daşıyır və siyasi mesajı var. Bu mesajla onu demək istəyirlər ki, Moskva nə etsə də, son qərar bizdən asılıdır”.
Politoloq KTMT qrupunun Moskvaya getməsi ilə bir mesaj verildiyini hesab edir:
“Düşünürəm ki, Moskvada Rusiya Müdafiə Nazirliyi və KTMT-nin Mərkəzi Qərargahında bu məsələ müzakirə olunacaq. Bununla da Rusiya Ermənistana bir mesaj vermək istəyir. Əgər Ermənistan KTMT-dən çıxmaqla bağlı hər hansı bir məsələni aydınlığa gətirmək istəsə, öncə düşünsün ki, bütün resursları, hərbi imkanları ruslardan asılıdır. Yəni ruslar istəmədiyi təqdirdə, Ermənistanın KTMT-dən çıxması o qədər də mümkün deyil. Hesab edirəm ki, KTMT qrupunun Ermənistandan çıxıb birbaşa Moskvaya getməsi əslində bir mesajdır”.
Fidan Ali / Sulh.info.az