​"İranın parçalanması Təbrizdən asılıdır, Azərbaycan hazır olmalıdır" - Politoloq AÇIQLADI

​
12:43 21.09.2022
615 Siyasət
A- A+

Əlbəttə ki, İranda çox ciddi proseslər gedir və bu proseslər ilk növbədə daxili dinamitlərdən qaynaqlanır. Belə ki, İranda sosial-iqtisadi vəziyyət ağırdır. Bir çox bölgələrdə ciddi ekoloji problemlər var. Məsələn, ərəblərin yaşadığı ərazidə su yoxdur. Eyni zamanda Cənubi Azərbaycanda, Urmiya gölünün quruması ciddi ekoloji problemlər yaradır. Bütün bunlar əhalinin geniş etirazına, etnik problemlərin yenidən artmasına və əhalinin hökümət tərəfindən qoyulan dini qadağalara qarşı aqressivləşməsinə gətirib çıxarır. Bunlar kifayət qədər əsas rol oynayır”.

Sulh.info.az xəbər verir ki, bu sözləri son günlər İranda cərəyan edən hadisələrlə bağlı saytımıza danışan politoloq Turab Rzayev bildirib. Politoloq deyibki, bütün bunlar İranda baş verən etiraz aksiyalarının daha da gərginləşməsinə səbəb olur:

“Digər tərəfdən də xaricdə bu hallardan istifadə etməyə çalışan qüvvələr var. Məsələn, ABŞ uzun müddətdir ki, İranda liberal qüvvələrin yenidən hakimiyyəti ələ keçirməsini istəyir. ABŞ heç vaxt İranın parçalanmasını istəməyib, əksinə İranda liberal Qərb dəyərlərinə uyğun bir hökumətin formalaşmasını istəyib. Digər ölkələr də öz maraqlarına uyğun olaraq bu liberal qüvvələrin hakimiyyətində maraqlıdırlar. Bir çox qüvvələr açıq şəkildə separatçı qüvvələri dəstəkləyirlər. ABŞ açıq şəkildə kürd separatçılarını dəstəkləyir. Hətta bu yaxınlarda həm İsrail səfirliyinin açıqlamalarının, həm də bəzi ABŞ qüvvələrinin təsiri hiss olunur ki, artıq Azərbaycan türklərinin, Təbrizin ayrılması cəhdlərinə bir dəstək var. Amma bunlar ikinci dərəcəli faktorlardır, ona görə böyük rol oynaya bilməyəcəklər”.

Eyni zamanda politoloq qeyd edib ki, İranın gələcək taleyi Təbrizdən asılıdır:

“Daha bir məsələ İranın özündə fikir ayrılığının olub-olmamasıdır. İranda bütün üsyanlar, inqilablar Təbrizdə olub. Yəni Tehran mühüm rol oynaya bilər, amma bütün dəyişikliklərdə son sözü həmişə Təbriz deyib. Hazırda biz Təbrizdə hadisələrin yekununu görmürük. Burada məsələ budur ki, etnik cəhətdən İranın daxilində sanki 3-4 etnik qrup  var, yəni farslar, türklər və digərlərindən ibarət olan etnik güc mərkəzləri. Bu güc mərkəzləri özləri ayrılmağa qərar verməsə, sıravi vətəndaş üsyanlarını, etirazları yatırmaq mümkün olacaq. Ancaq deyək ki, azərbaycanlılardan, farslardan ibarət güc mərkəzləri var ki, birlikdə yaşamaq istəmirlər. O zaman İran dövlətini süni olaraq saxlamaq mümkün olmayacaq. Bu məsələnin bir tərəfidir.

İkinci tərəfi odur ki, Təbriz sözünü demədən İranda dəyişiklik ola bilməz. İranda həmişə dəyişikliyin aparıcı qüvvəsi, mərkəzi Təbriz olub. Hələ ki, müəyyən hadisələr olsa da Təbriz tam olaraq hadisələrə qarışmayıb. Ancaq Təbriz tam olaraq mərkəzi hökümətin əleyhinə çıxarsa, o zaman İran höküməti parçalanacaq. İranın vahid dövlət kimi qalması və ya parçalanması məsələsi Təbrizdən asılıdır. Bu halda Azərbaycan bu dəyişikliyə hazırlıqlı olmalıdır. Biz bu dəyişikliyə hazır deyilik və qəfil yaxalanmamaq üçün bu dəyişikliyə hazır olmalıyıq”.

Fidan Ali / Sulh.info.az