​"Payız depressiyası"ndan qurtulmaq üçün bunları etmək lazımdır - Psixoloq AÇIQLADI

​
12:45 22.09.2022
553 Sosial
A- A+

Ümumiyyətlə, fəsillər dəyişən zaman insan orqanizmində bir çox fizioloji proseslər baş verir. Bura maddələr mübadiləsində olan dəyişikliklər, hormonal dəyişikliklər, kənar təsirlərə insan beyninin, bədəninin, psixologiyasının reaksiyası və s. aiddir. Ən çox biz buna isti fəsildən soyuq fəsillərə keçid zamanı şahid oluruq”.

Sulh.info.az xəbər verir ki, bu sözləri payız fəsli ilə gələn depressiv hallarla bağlı saytımıza danışan klinik psixoloq Gülşən Rüstəmova bildirib. Psixoloq qeyd edib ki, payız depressiyası zamanı insanda hər şeydən narazı olmaq hissi yaranır:

“Bütün dünyada məşhur olan payız depressiyası var. Payız depressiyasını necə hiss etmək olar? Adından da göründüyü kimi, yay fəslindən payız fəslinə keçid zamanı baş verir. Özünü haradasa sentyabr ayının axırı və oktyabr ayının əvvəlindən büruzə verir və qışın ortalarına qədər davam edir. İnsanda fiziki yorğunluq, yuxusuzluq, iştahsızlıq yaranır, insanın iş potensialı zəifləyir, düşüncələrini nizamlaya bilmir. Bu zaman insan daim nədənsə narazı olur. Baxırsan ki, özünün dediklərinə görə, hər şeyi var, amma nələrinsə çatmadığını hiss edir. Həmin insanlar sanki özlərində həyəcan, qorxu, hər an nəsə baş verə biləcəyi həyəcanının olduğunu qeyd edirlər”.

Psixoloq eyni zamanda düzgün yuxu rejiminin, açıq havada vaxt keçirmənin depressiv halların aradan qaldırılması üçün vacib olduğunu vurğulayıb:

“Günəş şüalarını görmək, isti havanı hiss etmək insanda xoş duyğular yaradır, bu da serotonin hormonunun tükənməməsinə səbəb olur. Serotonin hormonu xoşbəxtlik hormonu da adlanır. Serotonin hormonu bədəndə ehtiyyatla işlənir. İsti havalarda bu hormon çox israf olunmur. Havalar soyuduqca  serotonin hormonuna daha çox ehtiyac duyulur. Ona görə də insanlar daha bədbin olurlar. Bu halları aradan qaldırmaq üçün mütləq açıq havada gəzmək lazımdır. Günortadan axşama doğru olan saatlar ərzində ən azı yarım saat təmiz havada gəzmək, yuxu rejiminə diqqət etmək, çoxlu maye qəbul etmək, həkim məsləhəti ilə vitamin kompleksləri, bioloji aktiv əlavələrdən istifadə etmək olar.

Axşam saat 11-dən saat 1-ə qədər olan zamanlarda serotonin hormonu ifraz olunur. Bu, yatmış bədəndə ifraz olunur. Ona görə də bu saatlarda yuxuya xüsusilə diqqət etmək lazımdır. Payız fəslinə keçməmişdən öncə qan analizi vermək olar. Həkim məsləhət ilə dərmanlar qəbul etmək olar. Çünki fizioloji cəhətdən bədənə təsir etmək lazımdır ki, bədən özünü toplanmış hiss etsin. Hər bir insan bilməlidir ki, onun zehni fəaliyyəti üçün, özünü xoşbəxt hiss etməsi üçün hansı vasitələr var. Məsələn film izlənməsi, kitab oxunması və. s bu kimi vasitələr insanın özünə xas olur. O, bunları müəyyən etməli və məşğul olmalıdır. Bu onlar üçün həm hobbi olur, həm də insan özünü faydalı hesab etmiş olur. Özünü faydalı hesab etmək insanı bədbinlikdən uzaqlaşdıra bilər”.

Fidan Ali / Sulh.info.az