Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər təklif edilir.
“Report”un xəbərinə görə, bununla bağlı məsələ Azərbaycan jurnalsitlərinin VIII qurultayının gündəliyinə daxil edilib.
Təklif olunan dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.
Nizamnamənin hazırkı variantı isə belədir: “İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi və 6 ehtiyat üzvdən ibarətdir. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər. Həqiqi üzvlərin 11-i jurnalistika, 7-si ictimaiyyətin, 5-i internet portalların nümayəndəsi, ehtiyat üzvlərin isə 2-si jurnalistika, 2-si ictimaiyyətin, 2-si internet portalların nümayəndəsi olmalıdır”.
***
Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.
“Report”un xəbərinə görə, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.
3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb.
***
Sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.
Sulh.info.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.