Əvvəllər çox nadir hallarda insanlar, xüsusilə də sənət adamları estetik ıməliyyat etdirərdi. Günümüzdə isə artıq demək olar ki, insanların əksəriyyəti estetik əməliyyata üz tutur. İnsanlar xarici görünüşlərini kompleks edərək, estetik əməliyyat etdirirlər. Amma nəticə hər zaman ürəkaçan olmur. Bəzən uğursuz əməliyyatlar da qeydə alınır və insan artıq yeni görünüşünü də bəyənmədiyi üçün depresiyaya düşür. Bəs görəsən insanların son vaxtlar xarici görünüşünü bu qədər kompleks etməsinə səbəb nədir?
Mövzu ilə bağlı Sulh.info.az-a danışan psixoloq Vəfa Əkbər düşünür ki, insanların xarici görünüşü bu qədər kompleks etməsinə səbəb özgüvən əksikliyi ilə əlaqədardır:
“Ümumiyyətlə, bir insanın öz görünüşündə qüsur tutması və onu dəyişmək istəyi həmin insanın daxili narahatçılığının, daxili harmoniyasının və özü ilə barışıq olmamasının nəticəsidir. Bu günlərdə, hətta son zamanlarda belə bir gözəllik etalonu yaranıb ki, “kiçik burun”, “şiş dodaq” daha çox bəyənilir. Artıq hər kəs tərəfindən bəyənilir deyə, həmin insanlarda özgüvən əksikliyi, özündən narazılıq olduğu üçün o etalona uyğunlaşmağa çalışırlar.
Hər insanın fərdi dərisi, fərdi bədən immuniteti var. Bu vəziyyəti qarşılaya bilib-bilməmək məsələsi var. Bəzən asimmetriya yaranır. Nəticədə uğursuz əməliyyatlar alınır. Həmin insanın problemi birə-beş artır. İnsan bunu artıq özünə böyük bir dərd hesab edir. Bu problem ilk növbədə insanın özü ilə barışıq olmadıqları, daxili zənginliyinin fərqinə varmadıqları, öz potensiallarını görə bilmədikləri zaman yaranır. Çünki hər insanın daxilində potensial var. Sadəcə olaraq, bunu kəşf edənlər və kəşf edə bilməyənlər var. Belə olduğu təqdirdə, həmin insan sadəcə görünüş olaraq bəyənilmək, diqqət çəkmək istəyir. Çünki xarakterlə, davranışla və ya peşəsi ilə öndə ola bilmədiyinin fərqindədir və diqqəti bu formada cəlb etmək istəyir”.
Mövzuya münasibətini bildirən sosioloq Aynur Hacıyeva son dövrlər estetik əməliyyatlara müraciət edənlərin sayının artmasına səbəb kimi bu əməliyyatların hazırda daha əlçatan olmasını göstərir:
“Deməzdim ki, son illər hamı kompleks yaşadığı üçün kütləvi şəkildə estetik əməliyyata müraciət edir. Əvvəllər estetik əməliyyata müraciət edənlərin sayının az olması o demek deyil ki, əvvəllər xarici görünüşünü görə kompleks edənlərin sayı az idi. Kompleks problemi həmişə olub, cəmiyyət var olduqca da olacaq. Lakin əvvəllər estetik əməliyyatlar yeni idi, bu qədər inkişaf etməmişdi və rahat əl çatan deyildi. Ona görə müraciət edənlərin sayı az idi. Eyni zamanda yeni olduğu üçün insanlarda estetik əməliyyata o qədər də güvən yox idi. Hazırda estetik cərrahların sayı daha çoxdur. Zaman keçdikcə daha da təkmilləşdiyi üçün insanlar daha çox etibar ediblər. Hazırda insanlar tərəfindən əl çatan olduğu üçün müraciət edənlərin sayı da çoxdur”.
Fidan Ali / Sulh.info.az