​"Müharibə günlərində bütün cəmiyyət yumruq kimi birləşmişdi" - POLİTOLOQ

​
12:08 27.09.2022
501 Siyasət
A- A+

“27 sentyabr 2020-ci ildə başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycan tarixi üçün qızıl hərflərlə yazılacaq bir tarix kimi yadda qaldı. Əlbəttə bu müharibənin ağrılı-acılı tərəfləri də var. Şəhid verdik, qazilərimiz oldu. Amma bununla paralel olaraq, həm də 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış torpaqlarımızı öz silahlı qüvvələrimizin, ordumuzun, ölkə başçısının siyasi iradəsinin hesabına azad etdik”.

Sulh.info.az xəbər verir ki, bu sözləri Vətən müharibəsi ilə bağlı öz təəssüratlarını saytımızla bölüşən politoloq Samir Hümbətov bildirib:

“Bu önəmli faktordur, çünki biz təkcə Ermənistanla mübarizə aparmırdıq, eyni zamanda onu dəstəkləyən qüvvələrlə də mübarizə aparırdıq. Bu 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında duran dost dövlətlər də var idi. Amma ən vacib iş bizim öz üzərimizə, Silahlı Qüvvələrimizin, Azərbaycan xalqının üzərinə düşürdü.

Qeyd etmək lazımdır ki, 44 günlük müharibə dövründə Azərbaycan cəmiyyəti sanki bir yumruq kimi birləşmişdi. Bu yumruq kimi birləşmə həm də ölkə başçısı İlham Əliyevin ətrafında oldu. Çünki ordunun Ali Baş Komandanı o idi, əmrləri o verirdi və müharibə onun fikirləri əsasında davam etdirilirdi. Bu isə stimul xarakteri daşıyırdı, yəni bütün təbəqələri ilə cəmiyyət bir olaraq möhkəmlənmişdi”.

Politoloq qeyd edir ki, Azərbaycan xalqı artıq başa düşür ki, biz xalq olaraq çox güclüyük:

“Bu müharibənin acı tərəfləri olduğu kimi xoş tərəfləri də var. Biz torpaqlarımızı işğaldan azad etdik və işğaldan azadetmə prosesi həm də Azərbaycan xalqının milli oyanışı oldu. Artıq xalq başa düşür ki, o çox güclüdür, onun qarşısında duracaq qüvvə yoxdur. Ona görə də düşünürəm ki, 27 sentyabr 2020-ci ildə başlamış, bu gün isə iki ili tamam olmuş İkinci Qarabağ müharibəsi Azərbaycanın siyasi, hərbi, iqtisadi, mədəni həyatında böyük və misilsiz rola malikdir.

Orada döyüşən, canını qurban verən şəhidlərimizin ruhu əzizdir, qazilərimizin, yaralılarımızın sağlamlığı önəmlidir, orada döyüşən, istər informasiya müharibəsində, istər cəbhədə iştirak edən hər kəsin əməyi bizim üçün danılmazdır. Biz bundan sonra da qalib xalq olaraq yolumuza davam edəcəyik və Azərbaycanın ərazi bütövlüyünü də tam şəkildə bərpa edəcəyik”.

Fidan Ali / Sulh.info.az