“44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. İlk dəfə olaraq Azərbaycan öz ərazilərini düşmən işğalından azad etmək üçün başladığı “Dəmir Yumruq” əməliyyatı sentyabrın 27-dən düşmən hücumlarına cavab olaraq başlandı və Azərbaycan Ordusunun Şuşada bayraq qaldırması ilə nəticələndi”.
Sulh.info.az xəbər verir ki, bu sözləri 44 günlük Vətən müharibəsi ilə bağlı saytımıza danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib:
“Bu müharibəni Azərbaycan arzu etmirdi. Müharibəni Ermənistan tərəfi öz təxribatları ilə yaratmış oldu. Əgər Azərbaycan müharibə istəsə idi, daha əvvəl başalayardı. Biz 2010-cu ildən döyüş əməliyyatları üçün 95% hazırlıqlı idik. Lakin düşmənin fasiləsiz olaraq təxribatlar törətməsi Azərbaycanın mülki əhalisini zaman-zaman atəşə tutması, sonradan bu təxribatların sentyabrın 27-də maksimum miqyasda həyata keçirilməsi Azərbaycanın düşmənə tarixində rastlaşmadığı qədər ağrılı və acılı bir cavab verməyə vadar etdi”.
Ekspert bildirib ki, Azərbaycan bu müharibədə uğurlu nəticə əldə etməklə adını 5-ci nəsil müharibə apara bilən ölkələr sırasına yazdırdı:
“Müharibənin ilk 6 saatı ərzində düşmənin otuz il ərzində hazırladığı maneələr sistemi, minalı sahələri, tank əleyhinə xəndəkləri, piyada əleyhinə minaları və müxtəlif maneələri olan Ohanyan səddinin yarılması, 6 kəndimizin və Ağdərə-Kəlbəcər istiqamətində yüksəkliklərin Azərbaycan ordusunun nəzarətinə keçməsi gələcək əməliyyatların daha genişmiqyaslı olacağını ehtimal etməyə əsas verirdi.
Azərbaycan bu müharibədə bir çox yeni silahlı mübarizə üsullarını tətbiq etməklə adını 5-ci nəsil müharibə apara bilən Türkiyə, İsrail, ABŞ kimi dövlətlərlə eyni sıraya yazdırdı. Bu müharibə bizim şanlı zəfər tariximizdir, biz müharibədə qələbənin təmin olunması üçün qanından, canından keçən şəhidlərimizi unutmalı deyilik, daim onların əziz xatirəsini yaşatmalıyıq”.
Fidan Ali / Sulh.info.az