2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin iştirakçilarından biri də tanınmış şair Emin Piri olmuşdu.
Sulh.info.az bildirir ki, Emin Piri müharibə ilə bağlı təəssüratlarını saytımızla bölüşüb:
“Müharibədən əvvəl zabit olmağımdan utanırdım...”
“27-si mən hərbi komissarlıqda oldum. Hadisələr elə cərəyan etdi ki, 27 sentyabr savaş başladı və 28 sentyabrda mənə ehtiyyatda olan zabit kimi çağırış gəldi. Çünki bundan öncə də mən Ağdamda səngər həyatında olmuşam. Taleyimdə ikinci dəfə cəbhə həyatı görmək nəsib oldu. Amma mən Ağdamdakı cəbhə həyatı ilə 44 günlük müharibə həyatını müqayisə etsəm, deyə bilərəm ki, əvvəllər mən zabit olmağımdan utanırdım.
Məğlub bir ölkənin zabiti olmaq, o paqonları çiyində daşımaq sanki adamın çiyinlərinə əzab verirdi. Amma qalib bir zabit kimi fəxrlə cəmiyyətdə baş leytenantam deyə bilirsən. Çünki mənə elə gəlir ki, artıq rütbəmin haqqını vermiş oldum. Ümumilikdə Azərbaycan xalqı da vətəndaş kimi öz haqqını vermiş oldu. İstər jurnalistləri, istərsə də hərbçiləri öz vəzifəsini yerinə yetirdi”.
“Füzuli, Cəbrayıl, Xocalı kənlərində, Xocavənd uğrunda və Şuşada döyüşdüm”
“Bizim sosial şəbəkələrdən xəbərimiz yox idi. Gəldikdən sonra müşahidələrim əsasında şahidi oldum ki, Azərbaycan xalqı da bir cəmiyyət olaraq “Dəmir Yumruq” ətrafında birləşməyi bacarmışdı. Mənim döyüş yoluna gəldikdə isə, 28 sentyabrda çağırış gəldi. Həmin andan etibarən isə müharibədə iştirak etdim.
Füzuli, Cəbrayıl, Xocalının kəndlərində, Xocavənd uğrunda, Şuşa istiqamətində fəaliyyətimiz olub. Daha sonra xidmət etdiyim yer isə Laçın rayonu idi. Müqavilədən sonra Laçına getmişdim və dekabrın 31-də isə təxris oldum. Artıq savaş bitmişdi, hərbi vəziyyət aradan qalxmışdı.
Düşünürəm ki, Azərbaycanın müstəqillik dönəmini hesablasaq, eyni zamanda ondan əvvəlki illəri də nəzərə alsaq, bu ölkə tarixində ən böyük savaşdır, ən böyük qalibiyyətdir ki, artıq vətən torpaqları öz azadlıqlarına qovuşub. Yanımızda döyüş yoldaşlarımızı itirdik, yaralananlar oldu. Bunlar təbii ki, insan üçün üzücüdür, amma ən azından bilirsən ki, onlar canlarını boş yerə fəda etmədilər”.
Döyüşlərdə ən yadda qalan hadisələrdən bir neçəsi...
“Biz bir dəfə Cəbrayılın Daşkəsən kəndinə gəlmişdik. Ön xəttən ilk dəfə yuyunmağa göndərilmişdik. Bizə müəyyən ərzaq payı gəlmişdi. Bizə dedilər ki, bu şəhid anası tərəfindən göndərilib. Şəhid anası əhd edib ki, övladının aldığı sığorta pulunu cəbhədə olan əsgərlərə yardım göndərsin.
Onda fikir verdim ki, əsgərlər ac olsa da, həmin çörəyi ağlayaraq yeyirdilər, çünki o şəhidin qan pulu idi və şəhid anası onu cəbhəyə göndərmişdi. Şəhid anasının bu hərəkəti bizə təsir etmişdi. Həmin proseslər zamanı xeyli hadisələr baş verirdi, amma mənim yadımda qalan daha çox bu olmuşdu.
Digər bir hadisə isə, Xocalı kəndlərindən birində baş vermişdi. Orada olan zaman mənə qəribə bir hiss gəlmişdi. Çünki biz Xocalını ancaq televiziyadan uşaq qətllərinin olduğu bir yer kimi izləmişdik və Xocalı dövründə doğulan uşaqlar indi orada hərbçi kimi vuruşurdu.
Digər bir yaddaqalan hadisə isə döyüşümüzün ilk günü baş vermişdi. Xüsusi təyinatlı zabitlər gəlmişdi, bizə müəyyən tapşırıqlar verirdilər. Verilən ilk sual mənə qəribə gəlmişdi. O zaman mən müharibənin nə olduğunu anladım. Xüsusi təyinatlı zabit sual verdi ki, kəlmeyi-şəhadəti bilirsiniz? Yəni bu sualdan əsl müharibənin içində olduğunu, onun nə demək olduğunu hər kəs başa düşmüşdü”.
Fidan Ali / Sulh.info.az