“Bizim üçün 27 sentyabr 2020-ci il tarixindəki 44 günlük müharibə günləri tarixi anlardır və heç bir zaman silinməyəcək tarixi səhifəmizdir. Biz təbii ki, bunu hər zaman xatırlayacağıq. Ermənistan tərəfi Azərbaycana qarşı çox ciddi cinayətlər törədir. 1990-cı illərin əvvəllərində bizim torpaqlarımızın işğal olunması, həm azərbaycanlıların öz torpaqlarından, evlərindən məhrum olmaları, etnik təmizləmə siyasətinə məruz qalmaları, orada törədilən cinayətlər, şəhərlərimizin tamamilə dağıdılması Ermənistan tərəfindən törədilən cinayətlərdir”.
Sulh.info.az xəbər verir ki, bu sözləri Vətən müharibəsi ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Nigar Arpadarai bildirib:
“30 il idi ki, danışıqlar aparılırdı, amma danışıqlar heç bir nəticə vermədi. Nəhayət, Ermənistanın təxribatından sonra Azərbaycan bu əməliyyata başladı və 44 gün ərzində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmiş oldu. Artıq məcburi köçkünlərimiz həmin o ərazilərə qayıtmaq imkanı əldə ediblər.
Təbii ki, orada minalanmış ərazilər var, onların təmizlənməsi, orada infrastrukturun yaradılması kimi proseslər çətin kompleksli bir məsələdir. Təbii ki, bütün bunları dövlətimiz həll edəcək. Çox təəssüf ki, Ermənistan tərəfi hələ də revanşist ideyaları ilə yaşayır. Lakin Ermənistanın düşdüyü böhrandan yeganə çıxış yolu Azərbaycanla normal münasibətlər qurmaq və sülh sazişini imzalamaqdır”.
Deputat qeyd edib ki, 44 günlük müharibənin nəticəsində biz neçə illik Şuşa, Füzuli, Kəlbəcər arzumuzu reallaşdırdıq:
“Bizə bu qələbəni gətirənlər ordumuz, qazilərimiz, şəhidlərimiz və dövlət başçımızdır. Dövlət başçımızın siyasəti nəticəsində biz arzuladığımız günləri gördük. Biz daima Şuşa, Füzuli, Kəlbəcər arzusu ilə yaşayırdıq. Nəhayət ki, bu günləri gördük. Ona görə də şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Şəhidlərimiz bu azadlığın əldə olunması üçün qəhrəmanlıq göstəriblər. Biz millət vəkilləri olaraq, insanlarla çox ünsiyyətdə oluruq və görürük ki, nə qədər qəhrəman gənclərimiz könüllü olaraq yazılıblar, onlarda o dərəcədə vətənə böyük sevgi var. Allah şəhid ailələrinə səbr versin”.
Fidan Ali / Sulh.info.az