“İctimai nəqliyyatda qiymət artımı ilə bağlı gözləntilər var, çünki hazırkı daşıma qiymətləri uzun müddətdir tətbiq edilir. Sərnişin daşımada yaranan xərclərdə çox dəyişikliklər baş verib. Burada ən mühüm dəyişiklik isə “Dizel” yanacağının bahalaşmasıdır”.
Sulh.info.az xəbər verir ki, bu sözləri ictimai nəqliyyatda gediş haqqının qiyməti barədə saytımıza danışan iqtisadçı ekspert Xalid Kərimli deyib:
“Bu yanacaq növü 80 qəpiyə qədər bahalaşdırıldı. İctimai nəqliyyatların da istifadə etdiyi yanacaq növü “Dizel” olduğu üçün maya dəyəri artdı. Xüsusilə son dövrlərdə sərnişin daşıma ilə bağlı bəzi xərclər var ki, onlarda da artım olub. Həm yeni avtobusların qiyməti, həm də avtobusların istifadə etdiyi materialların qiyməti bahalaşıb. Bu da sərnişin daşıma ilə əlaqəli olan şirkətləri çətin vəziyyətdə qoyur. Bu tariflər də Tarif Şurası tərəfindən müəyyənləşir. Onlar təbii ki, fərdi tarif təyin edə bilməzlər. Ancaq xərclərin artdığını nəzərə alsaq, yeni avtobus almaq istəyirlərsə, 5 il bundan əvvəlki qiymətə ala bilməyəcəklər.
Hazırda sərnişin daşımanın tarifləri isə dəyişməyib. Bu da onlar üçün maliyyə problemlərinin yaranmasına gətirib çıxarır, yeni avtobus parkının yenilənməsinə imkan vermir, təmir xərclərinin artması bu biznesdə qalmağı rentabelli etmir və onlar da banklar qarşısında öz öhdəliklərini icra edə bilmirlər. Yəni təbii ki, biz bu sərnişin daşıyıcılarının şikayətlərini zaman-zaman eşidirik. Burada tənzimləyici qurum Tarif Şurasıdır”.
Ekspert qeyd edib ki, gediş haqqında qiymət artımı ola bilər, ancaq bu artım elə də kəskin artım olmayacaq:
“Fikrimcə, gediş haqqı ilə bağlı qiymət artımı olacaq. Amma təbii ki, nə qədər artacaq deyə bilmərik. Bu sualın cavabını məhz Tarif Şurası sərnişin daşıma şirkətlərinin xərclərini, maya dəyərini təhlil edəndən sonra verəcək. Yəni sərnişin daşımanın maya dəyərində baş verən dəyişiklikləri nəzərə alandan sonra qiymət təyin olunacaq. Çünki bu ictimai nəqliyyat geniş bir kütlənin, xüsusilə sosial cəhətdən həssas təbəqənin istifadə etdiyi xidmət növüdür. Ona görə də orada kəskin qiymət artımı gözləmirəm”.
Fidan Ali / Sulh.info.az