​"Prezidentin tapşırıqlarına lazımi reaksiya verilmir, ona görə də..." - İqtisadçı ekspert

​
15:25 28.09.2022
A- A+

“Hesab edirəm ki, dünya miqyasında kəskin qiymət artımı bundan sonra da davam edəcək. Çünki bu qiymət artımı çox dərin qeyri-tarazlıqlarla, maliyyə sektorunun real sektordan uzaq fəaliyyət göstərməsi ilə bağlıdır. Nəticədə dünya miqyasında pul kütləsi kəskin şəkildə artır, amma pul kütləsi lazım olan səviyyədə investisiyalara çevrilmir, istehsalın artımına lazımi dəstəyi vermir. Bir tərəfdən pul kütləsi artıb, digər tərəfdən istehsalda problemlər var. Bu da eyni zamanda nəqliyyat loqistika zəncirlərinin sınmasına şərait yaradır ki, nəticədə həm tələb, həm təklif inflyasiyası surətlənir və dünya iqtisadiyyatında, o cümlədən istehlak bazarında kəskin qiymət artımları müşahidə edilir”.

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza mövcud iqtisadi vəziyyəti şərh edən iqtisadçı ekspert Elşad Məmmədov bildirib:

“Eyni zamanda ticarət müharibələri, iqtisadi sanksiyalar siyasəti sözsüz ki, vəziyyəti bir qədər də mənfi istiqamətə yönəldir. Nəzərə almaq lazımdır ki, Rusiyanın, xüsusilə enerji daşıyıcıları, gübrə, taxıl, buğda seqmetləri bazarları üzrə payı kritik dərəcədə çoxdur. Rusiyaya qarşı iqtisadi sanksiyaların kəskinləşməsi həmin istiqamətlərdə və bütövlükdə dünya iqtisadiyyatında problemləri xeyli dərəcədə çoxaltmış olur.

Bu proseslərin Azərbaycana təsiri nə dərəcədə çoxdur? Biz açıq-aşkar görürük ki, hər gün bu təsirlər artır və bunun qarşısının alınması üçün sözsüz ki, sistemli siyasətə ehtiyac var. Dövlət başçısı milli maraqlara söykənən, pul, kredit investisiya, bütövlükdə iqtisadi siyasətin aparılması ilə bağlı müvafiq fikirləri bildirir, tapşırıqlar verir. Amma iqtisadi siyasət həm də mütəxəssislərin müvafiq qaydada hazırlığı ilə tamamlanmalıdır.

Çox təəssüflər olsun ki, iqtisadi təhsillə, iqtisadi elmlə bağlı çox böyük problemlər var. Hesab edirəm ki, ölkə prezidentinin iqtisadi siyasətin həyata keçirilməsi ilə bağlı verdiyi tapşırıqlara heç də lazımi reaksiyalar verilmir. Xüsusilə iqtisadi təhsillə bağlı, iqtisad elminin ölkə iqtisadiyyatına, bank sektoruna verməli olduqları təkliflərin ideyaların, tezislərin, konkret metadoloji bazanın lazımi səviyyədə olmaması reallıqdır və bu tədricən ölkə iqtisadiyyatında böyük problemlərə şərait yarada bilər. Azərbaycanda iqtisadi təhsillə bağlı çox böyük problemlər var”.

Ekspert bildirib ki, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün iqtisadi elmlərin tədrisinə daha çox diqqət yetirilməlidir:

“Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu istiqamətdə mühüm rol oynamalı idi. Lakin iqtisadi ixtisasların təsnifatında, iqtisad elminin tədrisində biz çox böyük problemlərin şahidi oluruq. Bu problemlər də milli iqtisadiyyatımıza öz mənfi təsirini göstərəcək. Ölkə prezidenti 2014-2015-ci illəri kənd təsərrüfatı, sənaye illəri kimi elan etmişdi. Bu təsadüfü deyil idi. Bu onunla bağlı idi ki, ölkə prezidenti bilirdi ki, bizdə kənd təsərrüfatının inkişafı tələb olunur.

Daxili bazarı yerli məhsulla daha çox təmin edə bilməyimiz üçün də buna ehtiyac var. Həm kənd təsərrüfatı, həm də sənaye üzrə müvafiq baza kafedraları UNEC-də məhv edildi. Azərbaycan iqtisadiyyatında regional inkişafla, regionların yeni təsnifatı ilə bağlı dərin islahatlar həyata keçirildi. Bundan sonra Azərbaycan iqtisadiyyatı üçün ən lazım olan Azərbaycan iqtisadiyyatı fənni seçmə fənn kimi keçirildi. Nəticədə bizim tələbələrimiz bu fənnin tədrisindən belə kənarlaşdırıldı.

Deyirik ki, Azərbaycan iqtisadiyyatının xarici iqtisadi təsirlərə məruz qalmasının mənfi nəticələrini necə aradan qaldıraq? Belə yanaşmalar fikrimcə, çox böyük problemlərə yol açır və qısa müddətdə iqtisadi təhsilin idarə edilməsində köklü dəyişikliklər olmasa, biz sosial-iqtisadi inkişafda bunun nəticələrini görəcəyik. Bu milli iqtisadiyyatımızın dayanıqlı və qabaqlayıcı inkişafına mane olacaq.

Ona görə də bəzi xarici iqtisadi təsirlərin mənfi nəticələrindən milli iqtisadiyyatımızın qorunmasını təmin etməliyik. Bu istiqamətdəki fəaliyyət yalnız dövlət başçısının, aidiyyatı nazirliklərin deyil, həm də iqtisad elminin diqqət mərkəzində olmalıdır. Yəni iqtisadi təhsilin inkişafı yalnız hansısa tədbirlərin keçirilməsi, hesabatların yazılması, tədbirlərdə şəkillərin çəkilməsi ilə məhdudlaşmamalıdır. Real iqtisadi siyasətə dəstək verən ideyalar, tezislər, metodoloji baza generasiya edilməlidir. Onun əsasında da istiqsadi siyasətə müvafiq təkan vermiş olarıq”.

Fidan Ali / Sulh.info.az