“15 oktyabr 2003-cü il tarixində Azərbaycan xalqı 76,84 faiz səslə yenidən Ümummilli Lider Heydər Əliyev ideallarına səs verərək cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti kürsüsündə görmək istədi. Məhz o gündən etibarən dövlət başçımızın bütün daxili və xarici auditoriyalarda reallaşdırdığı çıxışlarının əsas tezisi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi oldu. Bu, asan olmayan məsələ idi, lakin mümkünsüz də deyildi".
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza danışan politoloq Şəbnəm Həsənova bildirib:
“Ordu quruculuğunda əsaslı islahatların davam etdirilməsi, beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, 24 oktyabr 2011-ci ildə ölkəmizin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2012-2013 olmaqla iki il müddətində qeyri-daimi üzvü seçilməsi, individual olaraq dövlətlərlə, regional və beynəlxalq təşkilatlarla effektiv əməkdaşlığın daha da möhkəmləndirilməsi bugünkü Zəfərimizin təməlində dayanan amillərdir. Lakin dünya müharibələri və aktual siyasi gündəliyin real mənzərəsi sübut edir ki, bir dövlətin və xalqın müharibədən qələbə ilə ayrılmasının təməlində xalqın ruh yüksəkliyi, birliyi və Vətən uğrunda gözüyumlu canından keçmə amalı dayanır.
Dövlət başçımızın da qeyd etdiyi kimi “Bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Bu baxımdan da dövlət başçımız savadlı olmaqla yanaşı vətənpərvər, milli ruhda gənclərin yetişdirilməsi məsələsinə önəm verir, ideoloji sahədə də ölkədə əsaslı işlər həyata keçirilirdi. Odur ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir”.
Politoloq qeyd edib ki, biz həm diplomatik masada, həm də informasiya sahəsində düşmənin kürəyini daha ağır zərbələrlə yerə vururuq:
“Azərbaycan düşməni sadəcə döyüş meydanında məğlub etmədi, Azərbaycan indiyə qədər sadəcə hərb meydanında düşmənə dərs keçmir, ölkəmizdə mövcud olan möhkəm xalq-iqtidar-ordu birliyi sayəsində biz həm diplomatik masada, həm də informasiya sahəsində düşmənin kürəyini hər dəfə daha ağır zərbələrlə yerə vururuq. Bizim sülh təklif etməyimizə rəğmən qarşı tərəf yenə də məkirli planlarından əl çəkmir, o tay, bu taya ümid edərək, müxtəlif istiqamətlərə pənah gətirərək yenidən münaqişə və müharibə ocağı formalaşdırmağa çalışır. Düşünürəm ki, regionun iki dövlətinin və xalqının fundamental fərqli cəhətlərə malik olduğunu sübut edən amil də məhz budur.
Bu gün Azərbaycan xalqı bütün şəhidlərini dərin ehtiramla yad edir, sonsuz minnətdarlıqla əziz ruhlarını hər zaman uca tutur. Hələ də mübarizə aparan, gərgin iş qrafiki altında çalışan Azərbaycan Prezidenti cənab İlham Əliyev, ölkənin Birinci xanımı Mehriban Əliyeva şəhid ailələrinin problemləri, narahatlıqları ilə şəxsən məşğul olur, qazilərimizin şəfa tapması, sağlamlıqlarını maksimum bərpa etmələri istiqamətində ölkə daxilində və xaricində imkanlardan yararlanmaq üçün bütün işlər görülür.
Necə ki, qazilərimizə şəfa dağıdılır, işğaldan azad edilmiş torpaqlarımıza da yenidən nəfəs verilir, elimiz-obamız dirçəldilir. Bir tərəfdə qurucu xalq, sülh mesajı verən dövlət, digər tərəfdə antaqonist meyillərdən əl çəkməyən məkirli düşmən. Həm Ermənistan, həm də ona tarix boyu havadarlıq edən bu taylı, o taylı bütün qüvvələr görür ki, xalqımız öz Liderinə güvənir və çıxdığı yola sona qədər sadiq qalmaqla, keçmişini unutmadan tarixi ədaləti bərpa etmək hədəfinə doğru əzmlə irəliləyir”.
Fidan Ali / Sulh.info.az