“Nüvə silahından istifadə tamamilə realdır. Burada, əlbəttə ki, Britaniya kəşfiyyatı müəyyən mənbələrə əsaslanır və MI-6 dünyanın ən güclü kəşfiyyat sistemlərindən biridir. Onlarda belə məlumat olmasa, rəsmi olaraq açıqlama verməzlər. Artıq Rusiyanın referendum qərarından bəlli idi ki, hadisələrin inkişafı bu istiqamətdə davam edəcək. Rusiya referendumu keçirməklə həmin əraziləri ilhaq edir və öz ərazisi kimi tanıyır. Nəticədə həmin ərazilərə, Xersona, Donetskə hücum Rusiyaya hücum deməkdir”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza danışan politoloq Turab Rzayev bildirib:
“Bu zaman Rusiya artıq çox ciddi cavab verməlidir, çünki əks halda Rusiya ərazisinə hücum edib, bunun nəticəsiz qalacağı ilə bağlı fikir formalaşa bilər. Bu da Rusiya üçün pis haldır. Ehtimal edək ki, Rusiya daha əvvəldən hesablayıb ki, bu əraziləri ilhaq etsə və müharibə davam etsə, növbəti addım nə olacaq. İndiki məqamda Rusiya sussa, bu deməkdir ki, sabah hər hansı bir dövlət, elə Ukraynanın özü və ya Qərbin dəstəklədiyi ölkələr, ABŞ, Polşa və yaxud Çin Rusiya sərhəddinə rahatlıqla daxil ola bilər. Rusiya bunun qarşısında heç bir müqavimət göstərə bilməyəcək. Bu acizlik əlamətidir. Ona görə də Rusiya açıq şəkildə nüvə silahından istifadə edib göstərəcək ki, o heç nədən çəkinmir”.
Politoloq eyni zamanda qeyd edib ki, Rusiya taktiki nüvə silahlarını hərbi obyektlərdə istifadə edərək, göstərəcək ki, onun hədəfi mülki əhali deyil:
“Ancaq ilkin olaraq, ciddilik göstərmək üçün taktiki nüvə silahlarından istifadə edəcək və bunu müəyyən poliqonlarda istifadə edəcək ki, həm hədəf hərbi olsun, yəni göstərsin ki, hədəf mülki əhali yox, hərbi obyektdir. Daha humanist addım atdığını göstərəcək. Ancaq bu heç bir nəticə verməsə, növbəti mərhələlərdə daha da eskalasiyaya gedə bilər. Həm də bu açıq şəkildə Polşaya mesajdır. Polşa gərək başa düşsün ki, artıq Ukrayna üçün əsas dəstəkçi Polşadır, Ukraynaya silahlar oradan daxil olur. Həm də onlara bir başa təhlükə yaratmaqla, birbaşa mesaj xarakteri daşıyır.
Digər tərəfdən ABŞ və Britaniyanın Qara dəniz donanmasını məhv etməsi tamamilə realdır. Çünki əsas mübarizə məhz Qara dəniz uğrunda gedir. Rusiyanın əldə etdiyi nailiyyətlər də Qara dəniz ətrafıdır, istər Zaporejye, istərsə də Xerson olsun. Sadəcə Odessadan başqa, bütün Qara dəniz sahilini Rusiya ələ keçirib. Eyni zamanda Qara dənizdə Rusiya donanmasının məhv edilməsi Rusiyanın bu ambisiyasını sıfırlamış olacaq. Yəni Rusiya Qara dəniz sahillərində faktiki olaraq Ukraynaya nəzarət etmiş olacaq. Amma həmin əraziləri ABŞ və NATO qarşısında müdafiəsiz qoyma ehtimalı var”.
Fidan Ali / Sulh.info.az