​Özəlləşdirmədən daxil olan vəsaitdən sahibkarlığa kömək üçün istifadə ediləcək

​Özəlləşdirmədən daxil olan vəsaitdən sahibkarlığa kömək üçün
16:26 29.09.2022
261 Ölkə
A- A+

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələri artırılır.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə edilən dəyişiklik əksini tapıb.

Xidmətin vəzifələri sırasına dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən ayırmaları sahibkarlığa dövlət köməyinin və Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi xərclərinin ödənilməsi məqsədilə istifadə etmək də daxil edilir.

İndiyə qədər Xidmətin vəzifəsi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən ayırmaları dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və hüquqi şəxslərin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra hüquqi şəxslərin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsiletmə xərclərinin ödənilməsi məqsədilə istifadə etmək olub.