“Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşlərinin yekunu barədə səsləndirilən fikirlər və verilən açıqlamalar bütün prosesin tam şəkildə şərh edilməsi üçün hələ ki yetərli deyil. Düşünürəm ki, sərhədlərin delimitasiyası ilə bağlı prosesin oktyabr ayı ərzində davam etdirilməsinin nəzərdə tutulması müsbətə doğru müəyyən addım kimi qiymətləndirilə bilər”.
Sulh.info.az xəbər verir ki, bu sözləri Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü barədə saytımıza danışan politoloq Elçin Mirzəbəyli deyib. O, həmçinin əlavə edib:
“İndiki şəraitdə regionda maraqlı olan güc mərkəzlərinin verdikləri açıqlamalar və ortalıqda olan yanaşma tərzi prosesin bundan daha irəliyə doğru gedəcəyini söyləmək üçün ciddi zəmin yaratmır. Düşünürəm ki, bir neçə müddət Ermənistanın nə dərəcədə sülhə hazır olduğunu müəyyənləşdirmək lazım gələcək. Rəsmi İrəvanın verdiyi açıqlamalar da ənənəvi ritorikadan fərqlənmir. Hazırkı prosesin qısa bir zaman ərzində sülh müqaviləsinə gətirib çıxaracağı gözləntisi yoxdur.
Amma bunu da nəzərə almaq lazımdır ki, Azərbaycan konkret müddət açıqlayıb və bu ilin sonuna qədər Ermənistan sülh müqaviləsi məsələsində konkret mövqeyini ifadə etməlidir. Bu istiqamətdə konkret addımlar atılmalıdır. Şübhəsiz ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, o zaman prosesin başqa bir müstəviyə keçməsi gözləntisi ola bilər”.
Fidan Ali / Sulh.info.az