​"Zəngəzur məsələsi kiçik bir layihə deyil, böyük güclərin marağındadır" - Politoloq

​
16:10 03.10.2022
371 Siyasət
A- A+

"Azərbaycan-Ermənistan arasında baş tutan istənilən təmaslar və görüşləri ancaq müsbət qiymətləndirirəm. Buraya 31 avqust tarixində Brüsseldə keçirilmiş görüşün nəticəsində Xarici İşlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilən Cenevrə görüşü də daxildir".

Sulh.info.az bildirir ki, bu sözləri Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyəti saytımıza şərh edən politoloq Şəbnəm Həsənova bildirib:

Paris və Vaşinqtona pənah gətirməsinin ardından Ermənistan hər nə qədər bu görüş ərəfəsində də təxribatlara əl atsa da hər yandan əliboş ayrılır. Belə ki, görüş öncəsi guya Azərbaycan hərbiçilərinin ermənilərə qarşı təxribat törətməsi ilə bağlı sosial şəbəkələrdə videomateriallar yayılsa da, hadisələrin axarına bilərəkdən, şüurlu şəkildə mənfi təsirlər yaradılsa da, ümumilikdə proseslərin danışıqlar müstəvisinə geri dönməsi vəziyyətin stabilləşdiyindən xəbər verir.

Görüşü oktyabrın 6-da Avropa İttifaqının Praqada keçiriləcək tədbiri çərçivəsində Türkiyə, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli görüşünü istisna etməyən hazırlıq prosesi kimi dəyərləndirmək olar. Bütövlükdə, Qərbin bu prosesdə və mərhələdə təşəbbüskarlığı, aktivliyi ələ almasının şahidiyik.

Avropa İttifaqına qaz nəql edən interkonnektorun açılışı, orada Azərbaycanın ünvanına səsləndirilən müsbət fikirlər də bundan xəbər verir. Görünür, Aİ-nin sülh gündəliyinə sadiq olduğu qədər, bunu istəməyən tərəflər də əllərindən gələni edirlər ki, dərinləşdirilən münasibətlərə kölgə salsınlar. Bu baxımdan da ayıq-sayıq, aktiv diplomatik fəaliyyət davam etdirilməlidir.

Politoloq eyni zamanda bildirib ki, Zəngəzur məsələsi Azərbaycanla yanaşı böyük güclərin də maraq dairəsindədir:

"Olduqca taleyüklü məsələlər baş verir. Keyfiyyət baxımından yeni münasibətlər sistemindən Ermənistana da pay düşə bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Zəngəzur dəhlizi isə Ermənistanın həll etmə, ya qərar qəbuletmə gücündən asılı olacaq qədər kiçiltməyə çalışıb, mane ola biləcəyini düşündüyü qədər asan, mikro, regional layihə deyil. Bu, böyük güclərin marağındadır və onlardan verilən mesajların da heç biri Ermənistanın maraqlarına deyil, öz maraqlarına xidmət edir. Bu maraqlar da regionun aparıcı dövləti kimi ilk növbədə Azərbaycanla uzlaşdırılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev meqa layihələrin təşəbbüskarı və icraçısı olduğu üçün etimad qazanan və dünya miqyasında təqdir və təşəkkür edilən bir lider olduğundan maraqlarımız cılız maraqlara deyil, böyük hədəflərə fokuslanıb".

Fidan Ali / Sulh.info.az