​"Bu ərazilərdə referendum keçirilməsi Rusiyanın öz qanunlarına da ziddir" - Politoloq

​
12:08 04.10.2022
579 Siyasət
A- A+

“Bu ərazilər beynəlxalq hüquqda Ukraynanın əraziləridir və bu reallığı dəyişmək üçün keçirilən referendumdur. Rusiyanın maddi-mənəvi dəstəyi ilə keçirilən bu referendum hüquqi anlamda Ukrayna qanunvericiliyinə ümumiyyətlə zidd referendumdur. Çünki Ukrayna Konstitusiyası vilayətlərə referendum keçirmək haqqı tanımır. Referendum ancaq və ancaq Ukrayna parlamentinin təşəbbüsü və prezidentin imzası ilə keçirilməli, Konstitusiya Məhkəməsi onun nəticələrini təsdiqləməli idi”.

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza danışan politoloq Yeganə Hacıyeva qeyd edib. O bildirib ki, Rusiyanın Ukrayna ərazilərini işğal etməklə beynəlxalq nizamda qanunları və normativ aktları pozur:

“İşğal sonrası hərbi hakimiyyətin şübhəli əsaslarla keçirdiyi referendum qeyri-qanunidir. Orada ümumiyyətlə referendum keçirilməsinin şübhəli əsasları var. Birinci şübhəli əsas əhalinin referenduma zor gücünə getməsi ilə bağlıdır. Video görüntülər və sosial media üzərindən paylaşılan statuslar və rəylər referendumun yerli əhalinin çox az qisminin məcbur edilməsi ilə həyata keçirilib. İkinci məsələ, bu ərazilər beynəlxalq hüquqla Ukraynanın əraziləridir. Birmənalı olaraq, bu referendumun keçirilməsi ilə bağlı qərar Konstitusiya Məhkəməsinə ziddir.

Aydın məsələdir ki, Rusiya müharibə yolu ilə işğal olunmuş ərazilərin hüquqi legitimləşdirilməsi üçün belə cəhdlər edir. Referendum keçirilənə qədər bu ərazilərin hüquqi tənzimlənməsi Ukrayna Konstitusiyasına görə aparılırdı. Ukrayna Konstitusiyası isə ölkə subyektinə referendum haqqını tanımır.

Ümumi dövlət ərazisinin bütövlüyü ilə bağlı qərarı hər hansı bir subyekt deyil, ümumi Ukrayna referendum yolu ilə verə bilərdi. Bu şərtlərdə bu mümkün deyildi. Digər bir məsələ Rusiyanın Ukrayna ərazilərini işğal etməsi beynəlxalq nizamda qanunları və normativ aktları aşkar pozmasıdır. Çünki beynəlxalq hüquqla qanunların tənzimlənməsində bu mümkün deyil”.

Politoloq əlavə edib ki, Ukrayna ərazilərinin bu formada işğalı Rusiya Konstitusiyasına da ziddir:

“Digər bir məqamda bu Rusiyanın öz qanunvericiliyinə görə də ziddir. Ölkə ərazisinin genişlənməsinə və kiçilməsinə kənar ölkədə keçirilən referendum qərar verə bilməz. Bu XX əsrin əvvəllərində və ya ortalarında SSRİ-nin həyata keçirdiyi üsul idi, amma qeyri-qanuni üsul idi. Zamanın dəyişdiyinin fərqində olmayan, ya da qəbul etməyən Rusiya hesab edir ki, yeni dünyada köhnə əsaslarla davam edə bilər.

Amma Rusiyanın öz Konstitusiyası da kənar bir ölkənin ərazisi ilə bağlı referendumun keçirilməsini qəbul etmir, hətta Rusiya onların ərazi bütövlüyünü tanısa belə. Luqansk, Donetsk ərazisinin müstəqilliyini Rusiya bu ilin fevral ayında tanıdı. Digər 4 ərazinin də referendum yolu ilə birləşdirilməsinin, daha sonra tanıyacağının və öz ərazisi elan edəcəyinin hüquqi əsası yoxdur.

Bu zaman Azərbaycanın mövqeyi necə olacaq? Azərbaycan özü uzun illər işğaldan əziyyət çəkən ölkə olub. Bizim torpaqlarımızın 20%-i işğal altında olub və qaçqınlarımız olub. Qaçqınların olması da bizə çoxsaylı iqtisadi, mənəvi, siyasi ziyanlar vurub və bizi faktiki olaraq inkişafdan geri saxlayıb. Fikrimcə, bizim xarici siyasətimiz beynəlxalq hüquq və normalarımızın qaydalarına uyğundur, yəni bizim üçün bu qəbuledilməzdir. Düşünürəm ki, birmənalı olaraq Azərbaycan bu əraziləri Rusiya ərazisi kimi tanımayacaq”.

Fidan Ali / Sulh.info.az