Psixologiyaya görə insan xarakteri, psixologiyası 5-6 yaşlarına qədər tam formalaşır. Şübhəsiz ki, bu yaşlarda ətrafımızda baş verən bütün proseslər bizə təsir edir. Müharibə, savaşlar və cəbhə xəbərləri də buna daxildir. Bu proseslər uşaqların psixologiyasına necə təsir göstərir?
Sulh.info.az xəbər verir ki, mövzu ətrafında psixoloq Azad İsazadə ilə söhbətləşdik.
Cəbhə zonasında yaşayan azyaşlılar...
"Müharibənin uşaqlara psixoloji təsirindən danışdıqda biz uşaqları da şərti olaraq qruplara bölməliyik. Birinci qrupa müharibə zonasında, cəbhəyanı rayonlarda yaşayan uşaqlar daxildir. Söhbət Ağdam, Füzuli, Tərtər, Ağcabədi, Goranboy, o cümlədən Bərdə rayonlarından gedir. Onlar uzun illərdir ki, atəş səslərini eşidərək, atəş altında yaşayaraq böyüyüblər və sözsüz ki, bu onlarda mənfi psixoloji yaradıb.
Amma o daha çox xroniki xarakter daşıyırdı və insanlar, o cümlədən uşaqlar yavaş-yavaş vərdiş edirdilər, bu səslərə öyrəşirdilər. Bu zonalarda yaşayan insanlar hətta partlayışın səsindən özləri üçün nəticə çıxara bilərlər ki, bu avtomatdır, pulemyotdur və s. İlk dəfə eşitdikdə təbii ki, stress keçirirlər. Amma nəzərə alsaq ki, illər boyunca o xroniki stressin içində yaşayırlar, ona görə də artıq bu vəziyyətə öyrəşmiş olurlar".
Cəbhə zonasından uzaq, müharibə xəbərləri ilə böyüyənlər...
"İkinci qrupa isə cəbhə zonasından uzaqda, arxa cəbhədə yaşayan uşaqlar aiddir. Onlar ətrafda qohumların həyəcanını hiss edirdilər, ona reaksiya verirdilər. Onlarda qorxu, həyəcan yaranırdı. Götürək Gəncəni. Gecə vaxtı şəhərə raketlər atdılar, evləri dağıtdılar. İnsanlar nə qədər həyəcan keçirsələr də, real təhlükə gözləmirdilər. Raketlərin atıldığı ərazilərə yaxın yaşayan uşaqlar partlayış səslərini eşidib və öz gözü ilə nəticəsini, yaxınlarının şəhid olmasını görüblər. Burada biz artıq kəskin stresslə rastlaşırıq.
Partlayışı görməyən, ancaq müharibə ilə bağlı məlumatları eşidən uşaqlarda da psixoloji təsirlər özünü göstərir. Amma burada psixoloji quruluşdan asılı olaraq, bəziləri özləri müharibədə iştirak etmək istəyirdilər, hərbi geyim geyinirdilər, bayraqla gəzirdilər. Bəziləri isə özlərinə qapanırdı, depressiv hala düşürdü, qorxu, həyəcan keçirirdi ki, birdən Bakıya da, Qubaya da atarlar və s. Dinc şəraitdə yaşayan uşaqlara da televiziyadan, internetdən gördükləri sözsüz ki, təsir edir, daha çox depressiya və qapanma yarada bilər".
Psixologiyaya təkcə mənfi yox, müsbət təsiri də mövcuddur
"Keçirdiyimiz stress sözsüz ki, gələcək həyatımıza təsir edir. Təkcə mənfi yox, müxbət təsiri də var. Amma mənfi təsir az dozadadırsa, biz öyrəşirik, nəticə çıxarırıq. Stress nəticəsində də yaranan təcrübə müsbət ola bilər. Sadəcə bundan sonra bilirik ki, belə stressdən özümüzü qorumalıyıq. Uşaqlara mənfi təsir sözsüz ki, olacaq. Mənfi təsir nəticəsində uşaqlar istər-istəməz müharibənin davam olunmasını gözləyə də bilərlər, o xroniki qorxu içərisində yaşaya bilərlər. Amma müsbət nəticə də var. 3-4 yaşlı uşaqlar ətrafda eşitdikləri informasiyaları özləri üçün yekunlaşdırırlar. “Pakistan, Türkiyə dostumuzdur”, “Rusiya, Ermənistan düşməndir” və s. Bayraqları öyrənirlər, Pakistan harada olduğunu xəritədə göstərməyi xahiş edirlər, Türkiyəni təxmini təsvir edirlər. Mənfi təsirin altında hansısa müsbət birlik də yaranır”.
Uşaqlarda düşmən obrazının formalaşması
"Bir məsələ də var ki, uşaqlarda hər bir məhfum ya ağ, ya da qara rəngdir. Sözsüz ki, Ermənistan qara düşməndir, Türkiyə, Pakistan isə ağ, dost, müttəfiqdir. Sonradan böyüdükdə düşmən obrazı bu uşaqlarda daha güclü olacaq. Bu nə pisdir, nə də yaxşıdır. Bu reallıqdır. Amma sonrakı hadisələr göstərəcək ki, bu bizə lazımdır, yoxsa biz bununla mübarizə aparmalıyıq. Məsələn, müharibə davam edirsə, sözsüz ki, uşaqların arasında düşmən obrazı olacaq ki, böyüyəndə bilsinlər ki, düşmənimiz kimdir. Yox, əgər sülh müqaviləsi bağlansa, biz qonşu iki dövlət kimi yaşamağa başlasaq, iqtisadi əməkdaşlıq və s. olsa, deməli uşaqlarda düşmən obrazını nə vaxtsa götürməli olacağıq. Amma bunun üçün məhz dövlətin sifarişi olmalıdır. Söhbət təkcə uşaqlardan getmir, ümumiyyətlə böyüklərə də aiddir".
Fidan Ali / Sulh.info.az