“Bu problemlər bu gün insanların hansısa psixoloji sindroma düşmələrinin birbaşa qaynağıdır. Məhz bu düşüncələr, düşüncələrdən formalaşan fikirlər, fikirlərin içərisində yaranan şübhələr və s. Bu şübhələr də insanı bir mərəz kimi daxildən yeyə bilir. Bəzən biz görürük ki, ətrafdakılar özünüqiymətləndirmədən əziyyət çəkir. Çünki bu özünüqiymətləndirmənin içərisində insanlara yetərincə xeyir gətirməyə və mənəvi təminat almağa imkan verəcək fərdi özünəməxsus ömür yolunun axtarışı olur”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza danışan psixoloq Aytən Ələkbərova qeyd edib:
“Bəzən elə düşüncələr olur ki, insan onu düşünür, realda elə bilir ki, bunu artıq edib. Sonra isə başqa birisinin məsxərəsinə mərzu qalır ki, bəs sən demişdin belə edəcəyəm? Beyin o qədər yorulur ki, artıq onun icrasını belə edə bilmir. Təbiidir ki, bu zaman insanlar depressiyaya məruz qalırlar. Bu kimi depressiyalara maskalı, major depressiyalarını aid edə bilərik.
Bunun bir kökü, psixoloji faktı onun beynində yaratdığı düşüncələrdən irəli gəlir. Ona görə də yaxşı olar ki, insanlar onları incidəcək məqamların iki gündən artıq davam etdiyini hiss edirlərsə, mütəxəssisə müraciət etsinlər. Özünütənzimləmə mexanizmi isə birbaşa fəallığa əsaslanan aydın şəkildə dərk olunmuş məqsəddir, ideal şəxsi qayələrin olmasını tələb edən məqamlardan biridir”.
Psixoloq qeyd edib ki, insan çox düşündükcə onun daxilində yaranan şübhələr onu yeyib bitirə bilir və onun gündəlik fəaliyyəti üçün maneələr yaradır:
“Burada artıq insanın düşünərək beynində yaratdığı şübhələr onu əhatə etməyə başlayır. Bu şübhələr də mərəz olduğu üçün insan düşündükcə onu daxildən yeyib bitirir. Digər tərəfdən beyində nə isə etmək istəyirsən. Etmək istədiyin bir şeyin öhdəsindən gələ bilmirsən. İnsan çəkinir ki, sabah bu məni tamam başqa istiqamətə yönəldə bilər. Yəni insan bir məsələnin həllini istəyirsə, həmin an qərar verməlidir.
İnsan düşündükcə artıq uduzmağa başlayır. Hətta siyasi məsələlərdə belə artıq görürsən ki, psixoloji bir fakt var. Burada konkretliyə əl atmalı olursan. İnsan beyni də belədir. İnsanın fərd olaraq beynində yaratdığı düşüncələr də bu cürdür. Beynində artıq düşünərək, sən ən xoş anını belə yaşaya bilmirsən”.
Fidan Ali / Sulh.info.az