​İmmuniteti gücləndirmək üçün doğru qidalanma necə olmalıdır? - Dietoloq AÇIQLADI

​İmmuniteti gücləndirmək üçün doğru qidalanma necə olmalıdır? -
13:13 05.10.2022
A- A+

Payız fəslinin və soyuq havaların başlaması ilə birgə insanlarda immun sisteminin zəifləməsi prosesi baş verir. Bu müddətdə xəstəliklərin qarşısını almaq üçün heç şübhəsiz qidanlamaya diqqət etməliyik. Bəs, doğru qidalanma necə olmalıdır?

Sulh.info.az bildirir ki, bu barədə suallarımızı tanınmış həkim-dietoloq Şəfa Yadigarova cavablandırıb:

“Ümumiyyətlə, payız mövsümündə bütün yuxarı tənəffüs orqanlarının xəstəlikləri daha da artır. Bəzi insanlarda gizli gedən proseslər olur ki, payız dövründə daha da qabarır. Ona görə də kimdə bu xəstəliklərə meyillilik varsa, payız fəslində öz orqanizmləri ilə bağlı diqqətli olmalıdırlar.

Bu fəsildə yuxarı tənəffüs yollarının xəstəlikləri, daha çox virus xəstəliklər, respirator xəstəliklər artır. Bu zaman insan immunitetini necə artırmalıdır? İlk növbədə immun sistemimizi hər zaman qorumalıyıq.

Amma əsasən, payız-qış mövsümündə bu məsələyə daha ciddi yanaşılmalıdır. Düzdür, biz yaydan payıza keçərkən daha çox vitaminli qidalardan, tərəvəzlərdən, meyvələrdən istifadə edirik. Amma buna baxmayaraq, yenə də payız fəslində qidalanmaya diqqət etmək çox önəmlidir”.

Qidalanmada bunlara diqqət etmək lazımdır

"Qidalanma ən mühüm məqamlardan biridir. Burada qida tam şəkildə rasional olmalıdır. Yəni qida zülallardan, faydalı karbohidratlardan kifayət qədər zəngin olmalıdır. Faydalı karbohidratlar dedikdə, çörəyi və xəmir yeməklərini nəzərdə tutmamalıyıq. Bura qarabaşaq da daxil ola bilər. Daha çox dəmirlə, əsasən də B qrup vitaminlərlə zəngindir.

Bəzi insanlar düşünür ki, mən çörəksiz qala bilmərəm, bədənimdə vitaminlər tükənər, onlar yanlış düşünürlər. Əgər insan qarabaşaq, boz düyü, bulqur, kinoa, yulafdan istifadə etsə, B vitaminin çatışmazlığını tez bir zamanda aradan qaldıra bilər.

Zülallar bizim bədənimizə hər zaman lazımdır. Məsələn, bir evi qururuqsa, onu daş olmadan qura bilmərik. Zülallar da bədənimizin quruluşlu materialı olduğu üçün onun qəbulu vacibli bir məqamdır. Bunun üçün də təbii ki, səhər yeməyində bişirilmə qaydasından asılı olmayaraq kifayət qədər yumurtanın ağı olmalıdır. Yağ istifadəsi zamanı daha çox zeytun yağı məsləhətlidir. Zeytunun özündən kifayət qədər istifadə etmək lazımdır, çünki onun tərkibində də doymamış yağlar var".

Tərəvəzlər qidalanmada önəmli yer tutur

“Bütün bunlardan əlavə, eyni zamanda tərəvəzlərə də qidalanmada üstünlük verilməlidir. Tərəvəz dedikdə yalnız pomidor, xiyarı nəzərdə tutmaq lazım deyil. Bura badımcan, lobya, brokoli, gül kələm, balqabaq və s. kimi tərəvəzlər daxildir.

Hazırda balqabaq mövsümüdür. Ondan daha çox istifadə edə bilərlər, çünki onun tərkibində həddindən artıq yararlı mikroelementlər var. Həmin mikroelementlər immun sisteminə birbaşa təsir edir, eyni zamanda şirniyyat tələbatını qarşılayır. Tərəvəzlər liflə zəngin olduğu üçün mədə-bağırsaq problemi olan insanlarda yaranan problemlərin qarşısını alır.

Eyni zamanda balqabağın şirəsi ödqovucu təsirə malikdir, qaraciyərin hüceyrələrinin qoruyucu vasitələrindən biridir. Ona görə də mövsümü olduqca, balqabaq, kərəviz kimi tərəvəzlərdən bol istifadə etmək lazımdır. Kərəvizin özündən, kökündən istiafdə etmək olar”.

Meyvələrin hansı formada qəbulu faydalıdır?

“İnsanlardan meyvələrlə bağlı çox sual gəlir ki, meyvəni qidalanmaya daxil etmək olar, yoxsa olmaz? Çəki atmaq istəyən insanlar da daxil olmaqla, bütün insanlara meyvələr faydalıdır. Meyvələri daha çox günün birinci yarısında istifadəni məsləhət görürəm. İnsanlar meyvəni səhər yeməyində, səhər yeməyi ilə günorta yeməyinin arasında və çəki problemləri olmayanlar isə ən geci saat 17:00-a qədər qəbul edə bilərlər.

Məsləhət görürəm ki, meyvələrin şirəsini yox, özlərini qəbul etsinlər, çünki meyvənin tərkibi vitaminlərlə, liflərlə zəngindir. Həmçinin meyvələrdə fruktoza var ki, bizə həm enerji, həm də toxluq hissi verir. Şirəni istifadə edərkən, birbaşa mədəaltı vəzinə mənfi təsir göstərir.

Amma meyvəni olduğu kimi qəbul etdiyiniz təqdirdə, onu müəyyən zaman aralığında qəbul etdiyinz üçün tədricən mədəaltı vəz tərəfindən qəbul olunur. Ona görə də ziyanı olmur. Quru meyvələrdən istifadə edə bilərlər. Bura daha çox kişmiş, qayısı daxildir. Qayısı ürək fəaliyyətini yaxşılaşdırır. Payız fəslində ürək, təzyiq problemi olanlara çox müsbət təsir göstərir”.

Tərəvəz bişirilirsə, bunlar nəzərə alınmalıdır

“Tərəvəzlər bişirilərkən diqqət etməlidirlər ki, o, buxarda bişmiş olsun. Əgər qızartma yeməkləri hazırlanırsa, daha az qızartılsın. Tərəvəzlərdən salatlarda çiy şəkildə bol istifadə edə bilərlər. Üzərinə bitki yağları əlavə etmək olar. Yağ kimi zeytun, balqabaq, kətan toxumu yağından istifadə etmək məsləhətlidir. Çünki payız fəslində hər kəsdə immun sistemində zəifləmələr olur. “Omega 3” qəbul edilməsi məsləhət görülən vitaminlər sırasındadır ki, ondan da istifadə etmək olar. Amma immun sistemi təbii şəkildə düzgün qidalanma ilə tərtib edilərsə, hər kəs öz sağlamlığını qoruya bilər”.

Fidan Ali / Sulh.info.az