​Məktəblərdə faciəvi durum: Bıçaqlanma, dava, kriminal aləmə maraq... - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ

​Məktəblərdə faciəvi durum: Bıçaqlanma, dava, kriminal aləmə maraq... -
15:08 05.10.2022
474 Sosial
A- A+

Son zamanlar məktəblərdə heç də xoş olmayan hadisələrin şahidi oluruq. Bıçaqlanma, dava-dalaş, münaqişələr və s. Təhsil ocaqlarının zamanla bu cür bir mühitə çevrilməsinə səbəb nə oldu? Məktəblilərin münaqişəyə meyilli, aqressiv olmasına səbəb nədir?

Sulh.info.az mövzu ilə bağlı tanınmış klinik psixoloq Gülşən Rüstəmovanın fikirlərini öyrənib. Psixoloq deyir ki, uşaqların hansı xarakterdə formalaşmasıailədən və mühitdən böyük ölçüdə asılıdır:

“Son günlər sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan xəbərlər hər birimizi üzür. Belə hadisələr, fiziki şiddət, hətta psixoloji şiddət hər zaman mövcud olub. Ölkələrin əksəriyyətində də bu məsələni görə bilirik. Sadəcə olaraq günümüzdə çəkib paylaşmaq mümkündür deyə, gündəmdə olur. Təəssüflər olsun ki, belə hadisələr cəmiyyətdə hər zaman olub. Bunu əsasında psixoloji səbəblər dayanır. Valideynlər, müəllimlər çox vaxt nə edəcəklərini, necə edəcəklərini bilmirlər.

İlk növbədə tövsiyə edirəm ki, ibtidai sinif müəllimləri də daxil olmaqla bütün müəllimlər psixoloji seminarlara qatılsınlar. Çünki onlar məktəbdə təkcə savad verməklə məşğul olmamalı, həm də cəmiyyətə hazırladıqları şəxsiyyətə psixoloji dəstək verməlidirlər. Bunun üçün müəyyən büdcə və saat ayrılmalıdır.

Bu cür uşaqlarla necə mübarizə aparmaq olar? Evdə psixoloji və fiziki şiddət görən uşaqlarda aqressiya olur. Uşaq valideynləri tərəfindən şiddətə məruz qalır, onlara cavab verə bilmir, çünki fiziki olaraq onlardan kiçikdir. Nəticədə o başqa bir ictimai mühitdə mütləq öz aqressiyasının əvəzini çıxır. Bir uşağın dostlarına, sinif yoldaşlarına fiziki, psixoloji şiddət göstərməsi ondan irəli gəlir ki, onun ailəsində də bu formada davranış tərzi var”.

Psixoloq həmçinin qeyd edib ki, uşaqların bu cür aqressiv formalaşmasında cəmiyyətdə yayılmış fikirlər böyük rol oynayır:

“Məni məyus edən məqamlardan biri də odur ki, bir uşaq digərinə şiddət göstərir və tamaşaçı qismində N sayda insan vəziyyətə sadəcə tamaşa edir, ya da videosunu çəkir. Özlərini bu məsələyə daxil etmirlər, müdaxilə etmirlər. Bu nə ilə əlaqədardır? Cəmiyyətdə hər zaman belə düşüncə olub ki, fiziki güclü olan insanın yanında durum, mənə güc lazım ola bilər və fiziki güclü insanın yanında duraramsa, onun tərəfini saxlayaramsa, o sabah mənim gərəyim ola bilər. Bu düşüncə ilə cəmiyyət illərdir irəliləyir və buna heç bir müdaxilə olunmur. Ona görə də bağçada, məktəbdə, ali təhsil ocaqlarında belə bullinq yaşanır, yəni təkləmə kompaniyaları keçirilir.

Ətrafımızda müxtəlif məktəblər var və saysız-hesabsız insanlar var. Biz onların hər biri ilə mübarizə aparıb, onları dəyişdirə bilmərik. Biz öz övladımızı yetişdirməklə məşğul olmalıyıq, onun psixoloji immunitetini möhkəmlətməliyik, fiziologiyası ilə məşğul olmalıyıq, sağlam düşüncəli övladlar yetişdirməliyik. Bizi belə bullinglərdən sağlam düşüncəli cəmiyyət xilas edəcək”. 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Adil Vəliyev bizimlə fikirlərini bölüşdü. Onun sözlərinə görə, bəzən müəllim şagirdin pis vərdişlərini bilir, lakin bunu valideynlə bölüşmür:

"Söhbət təhsildən düşəndə nə qədər istəsək də xoş xəbərlər eşidək, təəssüf ki, bunun əksi də olur. Bu da “bizim gələcəyimizdir” dediyimiz gənclərlə bağlı olur. Diqqət etsək görərik ki, bu tip hadisələr adətən məktəblərdə yaşanır.  Necə ki, bir ağacın yaxşı bar verməsi üçün onun kökünün sağlam olması lazımdırsa, burada kök məktəblərdir.

Təəssüf ki, biz ondan yaxşı istifadə edə, kökə yaxşı qulluq edə bilmirik. Bərdə rayon Mehdili kəndi tam orta məktəbi təhlükəli, acınacaqlı vəziyyətdədir, uşaqlar qəzalı məktəbdə dərs keçməyə davam edirlər. Digər məktəblərə nəzər yetirsək, birində şagirdlər arasında bıçaqlanma, bir başqasında şagird intiharı, digər məktəbdə bir şagird öz sinif yoldaşını bütün sinif qarşısında döyür.

Baxırsan ki, azyaşlı məktəblidir, amma siqaret çəkir. Onlar siqareti haradan, kimdən əldə edirlər? “Vorovskoy” mahnılara qulaq asırlar, onların söhbətlərini edirlər. Bu uşaqlar təhsil haqqında danışacaqları vaxtlarında belə söhbətlər edirlər. Nəticəsi də bu gün eşitdiyimiz xəbərlər olur.

Müəllim şagirdlə maraqlanan zaman onun pis vərdişi olduğunu bildiyi zaman qorxusundan bunu valideynə deyə bilmir. Fikirləşir ki, mən valideynə desəm, valideyn də övladına deyər, o uşaq mənə xətər yetirər. Belə bir qorxu var. Məktəbdə valideyn iclasları təşkil olunur, valideyn iclaslarda iştirak etmir".

Adil Vəliyev deyir ki, təhsil ocaqlarındakı bu problemlər Təhsil Nazirliyi tərəfindən həll edilməlidir:

“Təhsil Nazirliyi yanında İctimai Şura fəaliyyət göstərir. Amma biz hələ onun bir fəaliyyətini görməmişik. Sadəcə danışıqlar aparıldığını bildirirlər, şəkil çəkib paylaşırlar. BŞTİ açıqlama verdi ki, psixoloqlar, müəllimlər onlarla danışıqlar aparıblar. Bu danışıqla həll olacaq bir problem deyil.

Bu tip uşaqların düzəlməsi üçün islah evlərinə göndərmək lazımdır. Bu uşaqları başqa bir məktəbə də yerdəyişmə etmək olmaz, çünki bu proesləri gedəcəyi yeni məktəbdə də davam etdirəcək. Hətta valideynlər üçün də psixoloji mərkəzlər fəaliyyət göstərməlidir ki, onlar da öz övladlarına psixoloji dəstək göstərə bilsinlər”.

Fidan Ali / Sulh.info.az