​"Cazibədar fotolarınızı paylaşmaqdansa, övladınıza tərbiyə verin" - Sosioloqdan SƏRT REAKSİYA

​
16:25 05.10.2022
408 Sosial
A- A+

"Hərçənd bu hadisəni malalamağa çalışanlar da tapılıb. Guya bu adi uşaq davası imiş. Əlbəttə, belə düşüncəsiz adamlar hər cəmiyyətdə var, həm də güclü zərbələrlə döyülən onların övladı deyil ki? Öz uşaqları olsaydı, görərdik necə yanaşırdılar. Xeyr cənablar, bu adi uşaq davası deyil, davada hər iki tərəf dalaşır, bu konkret vəhşilik və cinayətdir. Dəhşətli orasıdır ki, bu vəhşiliyi bəzi sinif yoldaşları etinasızlıqla qarşılayır, hətta videonu çəkən uşaq da “vur, döy, mən çəkim” deyə səslənir. Bircə nəfər belə uşağı o birinin əlindən almağa çalışmır".

Sulh.info.az bildirir ki, bu sözləri saytımıza sosioloq Elçin Bayramlı deyib. 112 nömrəli məktəbdə baş verən və sosial şəbəkələrdə yayılan görüntülərdən danışan sosioloq qeyd edib ki, bu cür uşaqların formalaşmasına səbəb sırf valideynlərdir:

"Sizə acı da olsa reallığı deyəcəyəm - bu sizin “tərbiyə verib” ortaya buraxdığınız zombi uşaqların real sifətidir. Bütöv bir sinfin, qəddar, vəhşi, təcavüzkar əhvalda olmasının, zərrə qədər də mərhəmət hissi, insanlıq duyğusuna malik olmamasının, dəhşətli, qorxunc bir məxluq kimi böyüdüldüyünün əyani sübudur. Sizi inandırıram ki, belə uşaqların sayı on minlərlə, bəlkə də yüz minlərlə ölçülür. Yəni, hörmətsiz valideynlər, siz uşaq yox, zombi yetişdirirsiniz. Etiraz etməyə cəhd belə etməyin - konkret fakt budur".

Sosioloq həmçinin qeyd edib ki, uşaqların aşağı yaşlardan internetdən istifadəsinə, telefonla oynayaraq böyüməsinə qarşıdır. Bunlar uşaqların aqressiv böyüməsinə səbəb olur:

"Sizin əvəzinizə sizin uşaqlarınızı zombi filmləri, zombi oyunları, təcavüzkar, qorxunc məxluqların hamını qırdığı filmlər və komputer oyunları tərbiyə edir. Yəni, sizin uşaqlarınızı xalqımızın və bəşəriyyətin düşmənləri “tərbiyə edir”, psixologiyalarını formalaşdırır.

Elmi şəkildə sübut olunub ki, müasir filmlər, verilişlər, komputer oyunları, musiqilər çoxsaylı dəhşətli subliminal mesajlarla doludur. Elmi şəkildə sübut olunub ki, bu materiallar insanın alt şüuruna yerləşir və onun psixologiyasını formalaşdırır. Bir dəfə qəfildən o smartfonu uşağınızın əlindən alın, baxın qalareyadakı foto və videolara, baxın internetdə və sosial şəbəkələrdə izlədiklərinə, üzv olduğu qruplara, sizi inandırıram ki dəhşətə gələcəksiniz".

Elçin Bayramlı deyir ki, uşaqların bu cür yetişməsində günahkar valideynlərdir:

"Demək tərbiyə yalnız sizdən asılıdır. Siz də uşağa tərbiyə vermirsiniz. Çünki bu halda sizin seriallara, futbola baxmağa, messencerdə saatlarla yazışmağa, "Tik-Tok"da murdar videolara baxmağa, "İnstaqram"da cazibədar fotolarınızı paylaşmağa vaxtınız qalmayacaq.

Ona görə də, mən həmişə parlamentə və hökumətə təklif edirəm ki, qanunlarda dəyişiklik etsinlər. Cinayət edən, qanunu pozan uşaqların valideynləri ciddi cəzalandırılsınlar, ən azı ağır cərimə edilsinlər. Çünki, bağışlayacaqsınız, cinayətkar uşaqlar deyil, sizsiniz”.

Fidan Ali / Sulh.info.az