Azərbaycanın tanınmış modelyeri Leyla Əhmədova "Bayraktar" adlı kolleksiyasını təqdim edəcək.
Bu barədə modelyer özü "Sulh.info.az"-a danışarkən qeyd edib:
“Bu yaxınlarda təqdimatım olacaq. Yeni kolleksiya “Bayraktar” adlanır. Yeni kolleksiyamı qələbəmizə həsr etmişəm. Parça olaraq ipəkdən, ən əsası ipək qarışığı süni dəridən istifadə etmişəm. Süni dərinin üzərində bizim hərbi rənglərdən istifadə olunub. Mənim kolleksiyamda dərinin üzərində milli naxışlardan, butalardan istifadə olunub. Rəng olaraq da bizim bayrağımızın rənglərinə üstünlük verilib”.
Leyla Əhmədova həmçinin bu mövsüm üçün dəbdə olan rənglər barədə bunları dedi:
“2022-ci ilin payız fəsli üçün xaki, sarı, qızılı, tünd yaşıl, parlaq göy, qəhvəyi tonlarında olan rənglərə üstünlük veriləcək. Bənövşəyi və tünd qırmızı rəngləri də bu il dəbdə üstünlük veriləcək rənglər sırasındadır. Xanımlarımız geyim seçimi zamanı bu rənglərə üstünlük verə bilərlər.
Dəri geyimlərə üstünlük verə bilərlər. Dərilərin üzərində dəmir aksesuarlar, muncuqlar və s. istifadə edə bilərlər. Qeyd etdiyim rənglərdə uzun saçaqlı xəz dərilər istifadə oluna bilər. Eyni zamanda bu mövsüm üçün qısa pencəklər daha çox dəbdədir. Xanımlarımız hər zaman özlərinə baxsınlar, xoş əhval-ruhiyyədə olsunlar”.
Fidan Ali / Sulh.info.az