Azərbaycan Metrologiya İnstitutu (AMİ) 2021-ci ili 2 min manat xalis mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatından xəbər verilir ki, bu, 2020-ci illə müqayisədə təxminən 135 dəfə azdır.
Ötən il AMİ-nin əsas əməliyyat (satışdan) gəlirləri 2,917 milyon manat (əvvəlki ilə nisbətən 40,3 % çox), satışının maya dəyəri 3,038 milyon manat (48,1 % çox), maliyyə gəlirləri 232 min manat (dəyişməyib), inzibati xərcləri 109 min manat (5,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1 min manat (3,6 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə AMİ-nin aktivləri 5,299 milyon manat olub ki, bu da illik müqayisədə 11,4 % çoxdur. Hesabat dövründə İnstitutun öhdəlikləri təxminən 17 dəfə artaraq 118 min manata, balans kapitalı isə 9,1 % artaraq 5,181 milyon manata çatıb.
Xatırladaq ki, AMİ ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,122 milyon manatdır.
Mənbə: Report