Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.
Dövlət başçısı “Haber Global”ın baş yayın direktoru Tuba Atavın Azərbaycan səfərinin proqramı ilə bağlı sualını cavablandırıb.
Onun açıqlamalarını canlı yayımda izləyicilərə çatdıran Atav Ərdoğanın ölkəmizə ziyarəti çərçivəsində Bakıya gəlməyəcəyini, birbaşa Füzuli şəhərinə yollanacağını qeyd edib.
Bununla yanaşı, Türkiyə prezidenti, xüsusilə də İranla sərhəddə minalardan təmizlənmiş ərazilərdə salınan əkin sahələrini gəzəcək.
Həmçinin, Ərdoğan təyyarədə Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizi barədə də fikir bildirib. O, dəhlizin açılması istiqamətində işlərin davam etdiyini vurğulayıb.
İranla Azərbaycan arasında yaşanan son anlaşılmazlıqları da şərh edən Ərdoğan İranın İsraillə əlaqələr səbəbindən Azərbaycanı hədəf alacağını gözləmədiyini qeyd edib.