“Türkiyə prezidenti R.T.Ərdoğanın Qazaxıstanda keçiriləcək konfransda Rusiya prezidenti V.Putin ilə görüşünü bir sıra media resursları tarixi zirvə kimi qiymətləndirirlər. Təbii ki, indiki mərhələdə Türkiyə-Rusiya münasibətlərinin nəticəyönlü olduğunu nəzərə alsaq, bu görüşdən gözləntilər çoxdur və təbii qəbul olunmalıdır. Çünki Türkiyənin bu günə qədər həyata keçirtdiyi sülhpərvər siyasət müəyyən qədər də olsa özünün effektiv nəticəsini verib”.
Sulh.info.az xəbər verir ki, bu fikirləri Türkiyə və Rusiya prezidentlərinin Qazaxıstanda baş tutacaq görüşü barədə saytımıza danışan politoloq Elçin Mirzəbəyli qeyd edib:
“Ukrayna taxılının ərazidən çıxarılması və ayrı-ayrı ölkələrə ixracının təşkilinə yardım göstərilməsi, həmçinin hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı atılan addımlar Rusiya-Ukrayna qarşıdurması kontekstində yeganə müsbət addımlardır. Həm Qərb, həm də digər ölkələrin liderlərinin sərgilədiyi vasitəçilik missiyası, atılan addımlar konkret olaraq heç bir nəticə verməyib. Bu da Türkiyə prezidentinə münasibətdə həm Rusiyanın, həm də Ukraynanın mövqeyindəki etimadlı münasibətlərdən xəbər verir. Amma indiki halda vəziyyətin əvvəlki dövrə nisbətən daha kəskin bir məcraya qədəm qoyduğunu nəzərə almaq lazımdır.
Bir neçə ay əvvəl Rusiya-Ukrayna münasibətlərində gərginliyin azaldılması və müharibənin dayandırılması üçün daha əlverişli şərait var idisə, bu gün belə bir şəraitin olduğunu demək çox çətindir. Krım körpüsünün partladılmasından və Ukraynanın mərkəzi şəhərlərinə, o cümlədən paytaxt Kiyevə raket zərbələrinin endirilməsindən sonra münasibətlərin daha kəskin bir məcraya yönəldiyinin şahidi oluruq. Hətta taktiki nüvə raketindən istifadə ilə bağlı Rusiya tərəfinin verdiyi bəyənatların real bir təhlükə olduğu barədə fikirlər var”.
Politoloq bildirib ki, Rusiya-Ukrayna münasibətlərində Türkiyənin vasitəçiliyi olarsa, bəşəriyyət gələcəkdə yarana biləcək ciddi təhlükədən xilas ola bilər:
“Düşünürəm ki, indiki şəraitdə Türkiyə tərəfindən təkcə Rusiya-Ukrayna arasında sülh danışıqlarına başlanması kimi bir mühüm amili nəzərə alsaq, bu Avrasiya qitəsinin, bəlkə də bəşəriyyətin ciddi təhlükədən xilas olması anlamına gəlir. Dünya real bir nüvə təhlükəsi qarşısındadır. Bu təhlükənin aradan qaldırılması üçün yeganə çıxış yolu münasibətlərdəki gərginliyin mümkün qədər azaldılmasıdır. Hazırda Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın verdiyi bəyənatların yumşalmaya xidmət etdiyini deyə bilmərik. Çünki hər kəskin hərbi əməliyyatdan sonra Ukraynaya hərbi yardım ediləcəyi barədə səsləndirilən fikirlər, daha sonra konqresdə ünvanlanan müraciətlər və bütün bunların sonunda Ukraynaya ciddi və hücum xarakterli silahların verilməməsi, yalnız müdafiə xarakterli silahların verilməsi Qərbin sadəcə Rusiya-Ukrayna qarşıdurmasının davam etməsində, həmçinin Ukraynanın bu prosesdə daha çox ziyan çəkməsində, Rusiyanın isə zəifləməsində maraqlı olduğunu göstərir.
Görünən mənzərə ondan ibarətdir ki, Qərb dövlətləri Rusiya-Ukrayna münasibətlərini kəskin müstəviyə çıxarmaq və qarşıdurmanı gücləndirərək insan itkilərinin sayını artırmaq istəyirlər ki, iki xalq arasındakı münasibətlərin tarixin heç bir mərhələsində bərpası mümkün olmasın. Proses bu istiqamətdə inkişaf edir”.
Onun sözlərinə görə, baş verən proseslər məqsədyönlü bir siyasətin parçasıdır və Türkiyənin yürütdüyü siyasət ondan xilas yolu ola bilər:
“Hesab edirəm ki, bu düşünülmüş məqsədyönlü bir siyasətin tərkib hissəsidir. Belə bir şəraitdə şübhəsiz ki, bütövlükdə dünyada, Şərqi Avropada sülhün təmin olunması və mahiyyət etibarilə müharibədə daha çox itkilərin qarşısının alınması üçün yeganə çıxış yolu Türkiyənin də vasitəçiliyi ilə prosesin sülh müstəvisinə daşınması və ən azı indiki şəraitdə atəşkəsə nail olunmasıdır. Çünki müharibə mahiyyət etibarilə tərəflərin heç birinə fayda verməyəcək. Burada bəlağətli sözlər, böyük şüarlar və s. səsləndirmək də mümkündür.
Təbii ki, Ukrayna xalqı da haqlı olaraq müqavimət göstərir. Hər bir xalqın, o cümlədən də Ukrayna xalqının öz ərazi bütövlüyü uğrundakı mücadiləsi yüksək qiymətləndirilməlidir. Bu nəticə etibarilə nəyə gətirib çıxarır? Müharibə Ukraynanın ərazisində baş verir, dağılan Ukrayna ərazisidir, dağıntıları bəlkə uzun illər bərpa etmək mümkün olmayacaq. Ukraynanın dövlət sistemini, infrasturukturunu əvvəlki məcraya qaytarılması üçün neçə nəsillər öz ömrünü qurban verməli olacaq. Bu aspektdən də kənarda oturub yüksək şüarlar səsləndirmək indiki halda insani keyfiyyətlərin göstəricisi deyil. Nəticə etibarılə insan itkiləri olur və onların həyatını da qorumaq barədə düşünmək lazımdır. Çünki bu müharibə perspektivi olmayan və heç bir halda qələbə gətirməyəcək bir müharibədir. Əksinə tarix boyu ziddiyyətləri artıracaq və Avrasiya qitəsinin, bütövlükdə Avropanın da düşmənçilik toxumu səpməsinə əbədiyyətə qədər zəmin yaradacaq. Düşünürəm ki, müharibə nə qədər tez dayandırılarsa, bu hər kəs üçün faydalı olacaq. Türkiyənin baş verənlərin mahiyyətini dərk edərək yürütdüyü siyasət mübaliğəli görünsə də, əslində əksinə olaraq bəşəriyyətin xilası naminə atılan addımlardır”.
Fidan Ali / Sulh.info.az