​İntihara səbəb olan amillər nələrdir? - Psixoloq AÇIQLADI

​İntihara səbəb olan amillər nələrdir? -
14:42 13.10.2022
668 Sosial
A- A+

“İntiharla bağlı mövzuya daha həssas yanaşmalıyıq. İstər filmlərdə, istərsə də sosial şəbəkələrdə olan paylaşımlar intihara meyil üçün əsas yarada bilir. Tez-tez intiharlarla bağlı xəbərləri eşidirik. Bu yaxınlarda 600-dən yuxarı bal toplayan gəncimiz intihar etdi. Ona görə də bütün yaş pillələrində uşağın hərtərəfli psixi inkişafı üçün şərait yaradılmalıdır. Burada ilk olaraq şəxsiyyət və intelektin formalaşması, eyni zamanda həmin prosesdə baş verə bilən pozuntular haqqında vaxtında xəbərdarlıq edilməlidir. Həmin zaman psixoprofilaktik məsləhətlərin səmərəsi birbaşa psixoloji maariflənmənin səviyyəsindən asılı olur”.

Sulh.info.az xəbər verir ki, bu sözləri intihar halları ilə bağlı saytımıza danışan psixoloq Aytən Ələkbərova deyib:

“Əgər bunun üçün vaxtında tədbirlər görülərsə, müdaxilə etməklə insanları bu vəziyyətdən qurtara bilərik. Çətin tərbiyə olunan uşaqlarda təcili hadisələr üçün nəzərdə tutulan profilaktik addımlar var. Hansı ki, birbaşa praktik psixoloqlar onun öhdəsindən gəlirlər. Bu uşaqları daha asanlıqla qurtarmaq olur. Çətin tərbiyə olunan dedikdə, onlar zərərli vərdişə gedə bilərlər, digərlərinə zərər verə bilərlər. İntihara aparan yollar var ki, bəzən bu asta-asta baş verir. Bu zaman ona rahatlıqla kömək etmək mümkün olur. Çünki artıq aqressiyaları, onun düşdüyü vəziyyəti tez görə bilirsən.

Biri də var ki, insan sakit və susqun olur. İnsan özünə uyğun olan rahat həyatını seçə bilmir. İstədiyi yaşama uyğun olmadıqda onun beynindəki düşüncələr onu yeməyə başlayır. Burada “mən” konsepsiyasını kənara qoymalıyıq. Çünki “mən” və “mənlik” şüurunun formalaşmasında, özünüdərketmədə şəxsiyyətin yeni keyfiyyətləri ilə də özünü göstərir. Xüsusilə, özünü yaxşı biri kimi aparma özünüdərketmə meyilini daha surətli inkişafa çatdırır. Amma digər tərəfdən onun özünə qapanıqlığı, sakitliyi onun beynindəki düşüncələrinə uyğun atdığı addımlardır. O, onu idarə edən düşüncələrə uyğun hərəkət etdikdə dərhal intihar baş verir”.

Psixoloq qeyd edir ki, bəzən elə insan olur ki, sosial şəbəkələrdən uzaq olur, amma intihara meyillidir:

“İntihara sürükləyən xəyanət, sosial durum, valideyn-övlad münasibətlərinin pozulması və s. kimi müxtəlif səbəblər var. Məsələn, psixoza girmiş insan dərmandan, həkimdən, ümumiyyətlə, imtina edir və təkliyə qapanır, bir müddət özü-özü ilə danışır. Nəticədə ya o insanın ürəyi dözmür, ölə bilir, ya da beynindəki düşüncələr onu intihara sürükləyir. Səbəblər fərqlidir. Səbəblər fərqli olduğu üçün hər xüsusiyyətə uyğun olaraq, intiharın hansı mərhələdə olduğuna qərar verə bilirik.

Bəzən insanlar müraciət edir, deyir ki, “mən bu formada davam edə bilmirəm”, “mən artıq dözə bilmirəm”, “mənim bir yaş həddim var”, “mən artıq özümü öldürəcəm”. Qarşıdakı insanlara bunu bildirmir. Düşüncələri onu bezmiş bir hala gətirib çıxarır. Bu zaman ona heç maraqlı olmur ki, necə intihar etmək olar? və s. Heç film görməyən, heç sosial şəbəkələrdən xəbəri olmayan insan belə olur. Ətrafından müraciətlər olur ki, o belə intihara meyl etdi, görəsən bir daha bu hal yaşana bilər mi? Baxırsan ki, həmin insan sosialdan tamam uzaq olur”.

Fidan Ali / Sulh.info.az