​İmmuniteti gücləndirən dərmanlardan kortəbii istifadənin fəsadları - Dietoloq AÇIQLADI

​İmmuniteti gücləndirən dərmanlardan kortəbii istifadənin fəsadları -
14:30 14.10.2022
A- A+

“Bir çox insanlar həkim məsləhəti olmadan istər qidalanma, istərsə də dərmanlarla bağlı özləri təyinatlar edirlər. Bunun nəticəsi olaraq da insanlarda bir sıra problemlər yaranır. İnsanlar var ki, həkimə müraciət etmədən qonşunun, dostunun sözü ilə və yaxud sosial şəbəkələrdən gördüyü bir pəhriz proqramını, dərmanları qəbul edir. Bu da insan sağlamlığı üçün riskdir. Fəsad dedikdə yalnız insanda yarana biləcək mədə-bağırsaq problemlərini nəzərdə tutmuruq. Hər şeydən öncə immun sistemi gəlir. Əgər immun sistemi düzgün çalışmırsa, o zaman problemlər yaranır. Nəticədə mövsüm dəyişikliklərində bir sıra xəstəliklər yaranır”.

Sulh.info.az xəbər verir ki, bu sözləri dərmanlardan kortəbii istifadənin fəsadları barədə saytımıza danışarkən həkim-dietoloq Şəfa Yadigarova deyib:

“İmmun sisteminin güclənməsi üçün qidalanma, dərman qəbulu ilə yanaşı diqqət yetirilməli məqamlardan biri də hərəkətdir. Hərəkət yaşam deməkdir. İmmun sisteminin zəifləməsi də hərəkətsizlikdən yaranır. Sağlam qidalanma və hərəkət insanın həyat tərzi olmalıdır. İnsan həyat tərzini düzgün istiqamətləndirsə, fiziki aktivliyini kifayət qədər artırsa, düşüncələrini düzgün idarə edə bilərsə, daha sağlam olar. Düşüncə çox vacibli detaldır. İnsanın bir şeyə inamı yoxdursa, nəticə də neqativ olacaq. İnsan əgər daim xəstəliyi ilə bağlı düşünürsə, o zaman xəstəliklə mübarizə aparmağa məhkum olacaq və sonda heç bir nəticə əldə etməyəcək.

Hazırda dünyada 4 milyon insan artıq çəkidən ölür. Artıq çəkinin özü də ilk növbədə immun sisteminin zəifliyindən yaranır. Bu çox böyük göstəricidir. İnsanın dünyasını dəyişməsinə səbəb onun artıq çəkili olması deyil. Səbəb həmin çəkinin yaratdığı problemlərdir: metobolik sindrom, şəkərli diabet, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və s”.

Dietoloq qeyd edib ki, dərmanlardan kortəbii istifadə insanlar üçün problemlər yaradır. Hətta bəzən xəstələr müraciət edərkən artıq elə vəziyyət yaranır ki, onlara kömək etmək belə çətinləşir:

“Eyni zamanda dərmanlardan kortəbii istifadə də insan sağlamlığı üçün ziyandır. Dərmanların insan üçün xeyri olduğu qədər ziyanları da var. Hər zaman bu tip pasientlərlə qarşılaşıram ki, mütəxəssisə müraciət etmədən özləri dərman qəbul edirlər. Bu dərmanlar immunitet gücləndirici vitaminlər da ola bilir, arıqladıcı dərmanlar da. Sonda elə bir mərhələdə bizə müraciət edirlər ki, köməklik etmək də çətinləşir. Ona görə də istər immun sistemini gücləndirən dərmanlar, istərsə də övladınıza verdiyiniz vitaminlər barədə mütəxəssislə məsləhətləşin.

Hazırda marketinq çox yaxşı inkişaf edir. Dərmanlar istehsala buraxılarkən onun heç bir ziyanı olmadığını qeyd edirlər. Amma nəzərə almaq lazımdır ki, bu dərmanları sosial şəbəkələrdə reklam edən insanlar sizin probleminizi bilmir, yaranan xəstəliklərdən heç bir məlumatı yoxdur. Ola bilər ki, təzyiq, şəkərli diabet xəstəliyinə görə həmin dərmanı qəbul edirsiniz. Nəticədə həmin xəstəliklər üçün qəbul etdiyiniz bu dərmanlar sizə əks təsir göstərə bilər. Hazırda balıq yağları çox dəbdədir ki, onu çox istifadə edirlər. Dərman qəbuluna keçməzdən əvvəl sizin qidalanmanız öndə olmalıdır. “Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik”. Həyatda bu devizlə yaşasaq, immunitetimiz güclü olacaq və bu kimi xəstəliklərlə üzləşməyəcəyik. Bu zaman da heç bir dərman qəbuluna ehtiyac olmayacaq. Hər kəsə şəfalı həyat arzu edirəm. Hər zaman sağlam olun, öz bədəninizə diqqət edərək ən böyük xəzinənizi hər zaman qoruyun”.

Fidan Ali / Sulh.info.az