“Hadisələrin tarixi inkişafı elə bir vəziyyət yaradır ki, şərti olaraq Turan adlandırdığımız birlik getdikcə daha çox təbii birliyə çevrilir. Yəni 30 il əvvəl də bu formada türk dövlətlərini birləşdirən, bu ad altında fəaliyyət göstərən birliklər var idi. Amma bu birliklər daha çox siyasi idi. Bu dövlətlərin hərbi-iqtisadi yaxınlığı yox idi, sadəcə olaraq həmin türk dövlətlər bu birliklərə üzv olmuşdular. Turan coğrafiyası böyük bir coğrafiyadır. Sadəcə müstəqil türk dövlətlərinin ərazisi 5 milyon kv/km, əhalisi 200 milyon nəfər, iqtisadiyyatı 1 trilyon dollardan çox böyük bir iqtisadiyyata gətirib çıxarır. Bu isə çox böyük bir bazardır, iqtisadi siyasi bir məkandır”.
Sulh.info.az xəbər verir ki, bu fikirləri son zamanlar türk dövlətlərinin bir-biriləri ilə ardıcıl görüşləri barədə saytımıza danışan politoloq Turab Rzayev bildirib:
“Belə bir böyük bazar bütün dünya güclərinin diqqətini çəkir. Eyni zamanda nəzərə alsaq ki, bütün ölkələrin bir-birinə yaxınlığı, zəngin enerji resursları, Mərkəzi Asiyanın zəngin resursları, regionun geopolitik olaraq Qərb və Şərq arasında yerləşməsi, mərkəzi yolun buradan keçməsi, Çinlə Avropa arasındakı yeganə quru yolunun əsasən bu ərazidən keçməsi və s. diqqətin bu ölkələr üzərində cəmlənməsinə səbəb olur.
Əslində bu yol daha qısa və çox əhəmiyyətli yoldur, geopolitik önəmi çox yüksəkdir. Bu ölkələr fraqment şəklindədir, yəni parça-parçadır. Bu yeni vəziyyət bu ölkələrin öz dəyərlərini anlamasına və birləşməsinə məcbur edir. Çünki bu ölkələr görürlər ki, ayrı-ayrı onların bir dəyəri yoxdur. Amma onlar birliyə qayıtsalar, bölgədə həqiqətən söz sahibi olan yeni bir geopolitik böyük bir qüvvənin əsasını təşkil edə bilərlər. Bu özü-özlüyündə ölkələri siyasi, iqtisadi olaraq bir-birinə yaxınlaşdırır”.
Politoloq əlavə edib ki, türk dövlətləri artıq anlayır ki, Rusiya əvvəlki kimi o qədər də güclü deyil:
“Bu bölgədə tarixi etnik birlikdən başqa, bu ökələri birləşdirəcək başqa birlik də yoxdur. Bu sadəcə dini birlik ola bilər. Dini birlik deyək ki, digər ölkələrdə, fars və ərəb ölkələrində mümkün ola biləcək birlikdir. Bu bölgədəki ölkələrin özlərini birləşdirən əsas faktor da məhz elə türklük düşüncəsidir. Dünyada yaranan yeni geopolitik vəziyyət, deyək ki, Rusiyanın zəifləməsi, Çinin eksponsiyası və s. bu ölkələri daha ehtiyyatlı olmağa, daha bir araya gəlməyə məcbur edir. Vaxtilə düşünülürdü ki, Rusiya çox güclüdür.
Bu ölkələrin hamısı Rusiyadan həm müəyyən qədər çəkinirdilər, həm də Rusiyanın müdafiəsi altında olduqlarını düşünürdülər. Məsələn 44 günlük müharibədə Azərbaycan-Türkiyə modeli cəbhədə Ermənistan ordusunu məğlub etdi. Ukrayna məsələsi isə tamamilə Rusiyanın böyük bir gildən nəhəng olduğunu ortaya çıxardı. Bu ölkələr artıq Rusiyanın əvvəlki qədər güclü olmadığını anlayırlar, eyni zamanda lazım gələrsə, onlara təsir etməkdən başqa müdafiə etmək qabiliyyətinin limitdə olduğunu da bilirlər”.
Onun sözlərinə görə, türk dövlətləri birlik halında birləşməsə, inkişafdan geridə qala və digər güc mərkəzlərinə hədəf ola bilərlər:
“Hazırda çox güclənən Çin var. Sabah bu ölkələri Çinə qarşı kim qoruyacaq? Qərbin açıq eksponsiyası zamanı bu ölkələri kim müdafiə edə bilər? Əlbəttə, öz birlikləri. Ona görə də bu ölkələr öz aralarında Azərbaycan-Türkiyə modelini əsas alaraq, bir-bir Azərbaycan və Türkiyə ilə hərbi, siyasi ittifaqlar bağlayırlar. Aydın məsələdir ki, toplamda bu ölkələrin yeni bir güclü ittifaqı formalaşır ki, bu ittifaq nəticəsində Bjezinskinin dediyi kimi Qərbin, Orta Asiyanın mineral ehtiyyatları butulkasına olan tıxac hissəsi Azərbaycan əsas rol oynayır.
Çünki Türkiyə üzərindən Azərbaycana, Azərbaycan üzərindən Orta Asiyaya və digər zəngin ehtiyyatları olan ölkələrə yol açılır. Çinlə Qərb arasında orta xətt marşrut açılır. Xüsusilə Rusiya-Ukrayna mühüraibəsinə görə, yollar bağlı olduğundan bu çox əhəmiyyətli məsələdir.
Digər tərəfdən, artıq bu ölkələrdə iqtisadi canlanma müşahidə olunur. Daha çox Türkiyənin rəhbərliyi ilə bu ölkələrin bir yerə yığılma zərurəti yaranır. Çünki əks halda, bu ölkələr birləşməsə, iqtisadi-siyasi olaraq həm inkişafdan geridə qalacaqlar, həm də ətraf ölkələrə hədəf olacaqlar. Ətrafda hərbi güc birlikləri yaranır. Onlar Çin, Hindistan, Qərb və İranın eksponsiyasına qarşı ittifaq halında birləşməlidirlər”.
Fidan Ali / Sulh.info.az