Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqləyib.
Müvafiq qərar bu gün Aİ XİN Şurasının iclasında qəbul edilib.
Regiondakı vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədi ilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın Aİ-nin monitorinq eksperti yerləşdiriləcək.
Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın 6-da keçirilmiş dördtərəfli görüşdən sonra verilib və məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, iki ölkə arasında etimadın yaradılmasına və beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir.