Nəqliyyat və rabitə təməllərinin inteqrasiyasının artırılması baxımdan Orta Dəhlizin əhəmiyyəti çox yüksəkdir.
Bu barədə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxışı zamanı TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
O qeyd edib ki, bu dəhliz tarixi ticarət yolu olmaqla yanaşı, həm də iqtisadi baxımından digər ticarət yollarından daha tez və sərfəlidir.
“Rusiya-Ukrayna qarşıdurması son dövrdə bu dəhlizin daha təhlükəsiz və işlək olduğunu bir daha göstərdi. Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açıldıqdan sonra bu dəhlizin səmərəliliyi daha da artacaq. TDT-yə üzv ölkələr bu dəhlizin üzərində yerləşir və Zəngəzur dəhlizinin tezliklə açılması hər birimizin maraq dairəsi daxilində olmalıdır”, - o bildirib.
Bu il noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında müzakirə olunacaq məsələlərə diqqət çəkən Binəli Yıldırım bildirib ki, TDT-nin xarici ölkələrlə ümumilikdə ticarət həcmi 700 milyard ABŞ dollar olduğu halda, TDT ölkələri arasında bu məbləğ 20 milyard dollar təşkil edir. O əlavə edib ki, bu rəqəmin artırılması müzakirə olunmalıdır və Səmərqənddə keçiriləcək Liderlər Zirvəsində sərbəst ticarət anlaşmasının imzalanması gözlənilir.