​"Belə bir mərkəzin yaradılması Türkiyə iqtisadiyyatına tövhə verəcək" - Ekspert

​
15:20 17.10.2022
A- A+

“Əgər biz Avrasiyanın xəritəsinə baxsaq, görərik ki, bu materikin cənubundan şimalına, şərqindən qərbinə Rusiya və İrandan keçməklə bir marşrut xəttinin salınması praktik olaraq mümkün deyil. Materikin şərqi Rusiya ilə yekunlaşır, qərbində isə İran var. Ortada yalnız Azərbaycan üzərindən keçən marşrut xətti var. Eləcə də sonra Zəngəzur dəhlizi, Naxçıvan Türkiyəyə birləşir. Ondan sonra artıq yol açılır”.

Sulh.info.az xəbər verir ki, bu sözləri Rusiyanın Türkiyədə təbii qazla bağlı mərkəz qurmaq istəyi ilə bağlı saytımıza danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib:

“Türkiyənin mövqeyinə baxarsaq, görərik ki, Türkiyə elə bir coğrafi ərazidə yerləşib ki, bir tərəfi Avropa, bir tərəfi Asiya, digər bir tərəfi isə Afrika ilə sərhəddir. Yəni ortada Aralıq dənizi var. Aralıq dənizinin bir tərəfində Türkiyə, qarşıda isə Afrikadır. Türkiyə elə bir coğrafi kordinatlarda yerləşir ki, istənilən mərkəzin burada yaradılması həm mümkündür, həm də əlverişlidir. İstər bu mərkəz hərbi, istər loqistik, o cümlədən də qaz-boru kəmərləri, qaz ixracı ilə bağlı olan mərkəzin yaradılması olsun.

Türkiyənin nüfuzu hazırda artıb, beynəlxalq aləmdə nüfuzu kifayət qədər yüksək səviyyədədir. Hazırda yeganə ölkədir ki, münaqişəli dövlətlərin hər ikisi ilə simmetrik münasibətləri saxlaya bilir. Bu şərait Türkiyəyə imkan verir ki, onun daxilində belə bir mərkəz yaradılsın. Türkiyədə belə bir mərkəzin yaradılması rus qazına bir növ qarant olur. Əgər Türkiyədə yerləşmiş mərkəz işlək olmasa, yəni rus qazına hər hansısa bir formada sanksiya qoyularsa, bu mərkəzin funksiyası pozulur. Bu zaman Türkiyə özü bu mərkəzin işləməsində maraqlı tərəf olur. Rusiyaya məhz bu baxımdan sərf edir. Orada mərkəz olarsa, Asiya qaz nəhəngləri məhz bu mərkəz üzərindən öz ixraclarını həyata keçirə biləcəklər”.

Ekspert vurğulayıb ki, belə bir mərkəzin yaradılması Türkiyə üçün böyük tövhə olacaq:

“Bunun Türkiyəyə də dividendləri çox böyük olacaq. Türkiyənin xarici siyasətini uğurlu adlandırırıq, amma daxili iqtisadi vəziyyəti o qədər də ürəkaçan deyil. Ona görə də belə bir mərkəz Türkiyə iqtisadiyyatı üçün ciddi bir tövhə ola bilər. İstər məşğulluğun təmin olunmasında, istər ölkəyə əlavə vəsaitin daxil olmasında, bu mərkəzin kənarında infrastruktun yaradılması üçün böyük layihələrin həyata keçirilməsində böyük faydaları olacaq. Bu da təbii olaraq məşğulluğa öz töhvəsini vermiş olacaq. Gələcəkdə isə burada bu sahələrə xidmət edəcək alt sahələrin inkişafına imkan verəcək. Bu Türkiyə üçün uzunömürlü, bir gəlir yeri olacaq. Eyni zamanda Türkiyəni bir növ hazırki vacib ölkədən daha vacib ölkəyə çevirəcək”.

Fidan Ali / Sulh.info.az