“Hələ ki, müharibə davam edir və müharibənin sonu ilə bağlı dəqiq məlumat vermək olmur. Amma bu günə qədər olan proseslərə nəzər saldıqda və tərəflərin hansı vəziyyətdə olduğuna baxdıqda, müharibənin sonluğunun təqribi hansı formada bitə biləcəyi ilə bağlı mümkün ehtimalları irəli sürmək olar”.
Sulh.info.az xəbər verir ki, bu sözləri Rusiya-Ukrayna münaqişəsi ilə bağlı saytımıza danışan politoloq Samir Hümbətov bildirib:
“İndiki halda Rusiya Ukraynanın 4 vilayətini özünə qanunsuz şəkildə birləşdirməsinə baxmayaraq, Ukrayna öz ərazilərini, hətta Rusiyanın ilhaq etdiyi əraziləri belə, işğaldan azad etmə prosesini sürətləndirib. Hətta Donetsk və Luqansk ərazilərinin də bir hissəsi Ukrayna ordusu tərəfindən işğaldan azad edilib. Artıq bu son bir neçə gündə Rusiya-Ukrayna arasında gedən münaqişədə dünya ölkələri tərəf seçməyə başlayıb. Yəni bir qrup dövlətlər Rusiyanın, digər qrup dövlətlər isə Ukraynanın tərəfindədir. Xüsusilə son dövrlər mətbuatda gündəm olan məsələ məhz Rusiyanın İrandan aldığı dronlarla bağlıdır.
Digər bir məsələ isə Belarusiyanın müharibəyə qoşulmaq ehtimalı ilə bağlıdır. Hesab edirəm ki, bu kimi proseslər bundan sonra da davam edə bilər. Ola bilər ki, Belarusiya müharibəyə qoşulsun. Nəzərə almaq lazımdır ki, Belarusiya müharibəyə qoşularsa, artıq müharibənin miqyası genişlənəcək. Sonrakı proseslər Böyük Britaniyanın, ABŞ-ın və yaxud da NATO-nun bu münaqişəyə cəlb olunmasına gətirib çıxara bilər. Bu da III Dünya müharibəsinin açıq formada davam etməsinin göstəricisi kimi qiymətləndirilə bilər”.
Onun sözlərinə görə, hələ ki, bir müddət Rusiya və Ukrayna arasında normallaşma prosesindən söhbət gedə bilməz:
“Müharibənin yaxın zaman ərzində sonlanacağı hələ ki, inandırıcı deyil. Bundan sonra hələ uzun müddət Rusiya və Ukrayna arasında normallaşma prosesindən danışmağın özü belə reallıqdan uzaq məsələdir. Nəzərə almalıyıq ki, cəmiyyətlər arasında bir qırılma var. Çünki hər iki tərəfdən verilən saysız-hesabsız itkilər cəmiyyətlər arasında böyük bir qırılmaya gətirib çıxarıb. Düşünmürəm ki, qısa zaman ərzində Rusiya və Ukrayna arasında gərginlik aradan qalxacaq və cəmiyyətlər normal, əvvəlki kimi yaşamaq imkanı əldə edəcək. Bu baxımdan hesab edirəm ki, müharibənin bitməsi də yaxın zamanlarda baş verə biləcək məsələ kimi qiymətləndirilə bilməz”.
Fidan Ali / Sulh.info.az