“44 günlük Vətən müharibəsinin bitməsindən sonrakı bütün mərhələlərdə Azərbaycan beynəlxalq hüquqla təmin olunan ərazilərində özünün dövləti mövcudluğunu bərpa etmək, dövləti institutlarını formalaşdırmaq üçün atdığımız bütün addımlarda həmişə İrandan bir söz eşidib”.
Sulh.info.az xəbər verir ki, bu sözləri İranın Azərbaycanla sərhəddə təlimlər həyata keçirməsi ilə bağlı saytımıza danışan politoloq Yeganə Hacıyeva deyib:
“İran həmişə sərhəd mövzusunu özünün qırmızı xətti hesab edir. Məhz Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Birliyi nümayəndəsi Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun da sonradan qoşulduğu Praqa görüşündə belə bir razılaşma olub ki, Avropa Birliyinin mülki missiyası sərhəddə fəaliyyət göstərəcək. Mülki missiyanın fəaliyyəti nəticəsində də sərhəddə hərbi təxribatların kim tərəfindən törədildiyi fiksə edilsin. İlkin olaraq razılaşma belə idi ki, 40 nəfərdən ibarət missiya 2 ay müddətində sülh sazişinin imzalanmasına yönəlik addımlarda prosesləri monitorinq edəcək.
Sonra məhz Fransanın televiziya kanallarına müsahibə verən Makronun, həmçinin Ermənistan daxili hakim elitanın simalarının bu missiya ilə bağlı fikirləri bu missiyanın mülki missiyadan fəqli olduğu haqda doğru düzgün təsəvvürlərin olmamasına səbəb oldu. Aydın oldu ki, Fransa ümumiyyətlə, Ermənistan maraqlarının müdafiəsi qismində çıxış edir. Avropa birliyi isə demək olar ki, bizim kimi təsəvvür edir. Sülh sazişinin imzalanmasına qədər ki, bu aralıq müddətdə sabitliyin və təhlükəsizliyin dəstəklənməsi üçün sərhəddə mülki missiya yerləşəcək.
Amma Ermənistan və Fransa hesab edir ki, bu belə deyil. Yəni qeyri müəyyənliklər, daha sonra da 40 nəfər əvəzinə 400 nəfərin göndərilməsi və hətta AB ölkələri xarici işlər nazirlərinin görüşündə bu missiyanın daha sonrakı müddətlər də uzana bilməsi ilə bağlı fikirlər bu missiyanın iddia olunan missiyadan fərqli missiya olması qənaətini möhkəmləndirdi. Azərbaycan prezidenti də bu haqda fikrini bildirdi ki, Fransanın belə fikirlərindən sonra ümumiyyətlə vasitəçilik mümkün deyil”.
O, əlavə edib ki, İran istər öz cəmiyyətlərinə, istərsə də Azərbaycana qarşı riakar yanaşma ortaya qoyur:
“İran da Ermənistanın maraqları çərçivəsindən çıxış edir. "Biz xarici biznesi Kəlbəcərə, Laçına dəvət etmişik" deməklə göstərməyə çalışır ki, güya İranın izlənməsi üçün hərbi təsisatların tikilməsi və s. kimi təqdimat verir. Yəni yanlış dezinformasiyalarla, özünün daxildə güya "sionist düşmən Azərbaycana gəlib" və "Azərbaycanla sərhəddə İranın təhlükəsizliyinə hədələr formalaşdırır" deməklə İran daxilində gedən etirazları sındırmağa çalışır. Və bunun üçün də təlim keçirir və bu təlimi də Rusiya hərbi marşı hesab olunan mahnı ilə həyata keçirir.
Amma digər tərəfdən də Rusiyanın maraqlarının əleyhinə, Fransanın məhz Ermənistana yerləşməsinə göz yumur. İstər öz cəmiyyətlərinə, istər Azərbaycana, istərsə də Rusiyaya münasibətdə riakar mövqe sərgiləyir. Özünü də güya AB ilə nüvə danışıqlarının davamı üçün Fransa ilə bu mövzularda gözünü yumduğunu iddia edir.
Faktiki olaraq dondurulmuş, aparılmayan danışıqları bəhanə kimi göstərir. Yəni çox riakar bir yanaşma ortaya qoyur. Bu təlimlərin həyata keçirilməsini daxildəki etirazları yatırmağa çalışmaq, yəni sionist düşmənlə mübarizə aparmaq təşəbbüsləri kimi təqdim edir və s”.
Fidan Ali / Sulh.info.az