​Sosial media psixologiyamıza necə təsir göstərir? - Psixoloq AÇIQLADI

​Sosial media psixologiyamıza necə təsir göstərir? -
12:30 26.10.2022
693 Sosial
A- A+

“Sosial mediadan əvvəl rabitə bu qədər asan olmamışdı. İnsanlarda ünsiyyət rahatlığı, dəyərləri müsbət və ya mənfi olaraq dəyişdirdi. İndi yeni  insan tipologiyasına sahibik. Keçmişdə danışaraq, əldə etdiyi uğurları göstərən insanlar indi mesajlarını, statuslarını və şəkillərini sosial mediada paylaşaraq varlığını göstərməyə çalışır”.

Sulh.info.az xəbər verir ki, bu sözləri sosial medianın psixologiyaya təsiri barədə saytımıza danışan psixoloq Sona Davudova bildirib. Onun sözlərinə görə, insanların sosial mediadan asılılığı onlarda yuxu problemlərinin yaranmasına səbəb olur:

“Sosial media asılılığı insanda yuxu pozuntusuna səbəb olur. Bu tip insanlar mütəmadi olaraq media hesablarını yoxlayır və nəticədə qayğı pozuqluğu yaşayırlar.

Müsbət təsirlər sırasına məlumatın əldə edilməsi və yayılması, ünsiyyət vasitəsi və məlumat mənbəyi kimi istifadə olunma xüsusiyyəti aiddir. İnsanlar öz dostları ilə çox tez bir zamanda məlumat əldə edə və yaya bilərlər. Bu şəkildə fərdlər dərhal sosial şəbəkələr vasitəsi ilə hər kəs tərəfindən məşhur, izlənilən və təqdir olunma fürsəti əldə edirlər. Sosial mediada açıq paylaşımlar başqalarının şəxsi həyata dair fikir bildirməsinə şərait yaradır”.

Psixoloq əlavə edib ki, hətta bu asılılıq elə səviyyəyə çatır ki, şəxs paylaşdığı şəkil bəyənilmədiyi üçün özünü dəyərsiz hiss edir:

“Təəssüf ki, insanların əksəriyyətində “xüsusi xatirələrimi nə qədər çox bölüşsəm, bir o qədər də heyranlığa səbəb olacam” düşüncəsi var.

Fotoredaktor proqramı ilə düzəldilən şəkillərdə özünü olmadığı biri kimi göstərmək, bəyənilmək və qiymətləndirilmək istəyini təmin etməyə çalışırlar. Daha çox gənclərin aktiv olduğu bu tip paylaşımlarda qeyd olunan vasitələrlə onlara heyran olunmasını istəyirlər.

Sosial mediada paylaşdığı şəkli və ya mesajı bəyənməyən şəxs özünü dəyərsiz hiss edə  və depressiyaya düşə bilər. Hətta bu sosial media xəstəliyi insanı intihar həddinə çatdırır. Ancaq fərd olaraq və insan olaraq biz görüntüdən daha çoxuq. Unutmayaq ki, gerçəklik sadəcə görüntülərdən ibarət deyil”.

Fidan Ali / Sulh.info.az