Hesablama Palatası tərəfindən böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinin nəticələri məlum olub.
Audit 01.01.2016-cı il tarixindən 31.12.2021-ci il tarixinədək olan dövrü əhatə edib.
Hesablama Palatasının 2022-ci ilin İş Planına əsasən, böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətə dair keçirilmiş səmərəlilik (performans) auditi “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində, eləcə də 2021-ci ildə həyata keçirilmiş tədbirləri əhatə edib, tədbirlər üzrə ümumilikdə 219,2 mln. manat, eləcə də kadr hazırlığı ilə bağlı 490,0 min manat və maarifləndirmə üzrə 5,8 min manat məbləğində vəsait istifadə edilib. Fəaliyyətin miqyası nəzərə alınaraq audit obyektləri kimi Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi müəyyən olunub.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilmiş təsnifat üzrə xroniki böyrək çatışmazlığının 6, Azərbaycan Respublikasında hazırda tətbiq edilən təsnifat üzrə 5 mərhələsi müəyyən edilsə də, xroniki böyrək çatışmazlığı ilə bağlı təsdiq edilmiş proqramlardan yalnız 2006-2010-cu illəri əhatə edən proqramlarda xəstəliyin daha ağır forması olan terminal, başqa sözlə, 4-cü və 5-ci mərhələsində olan xəstələri əhatə etdiyi qeyd edilib, digər proqramlarda isə xəstəliyin hansı mərhələsində olan xəstələrin əhatə edildiyi qeyd edilməyib. Auditin əhatə etdiyi Proqramın əsas məqsədi kimi xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılması və onların həyat keyfiyyətinin yaxşılaşdırılması müəyyən edilsə də, təsdiq olunmuş 6 vəzifənin 4-ü hemodializ xidmətinin və böyrəkköçürmə əməliyyatlarının təqdim edilməsi, 1-i nefroloji xidmətin kadr potensialının gücləndirilməsi, 1-i isə əhalinin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı fəaliyyəti nəzərdə tutub.
Beləliklə də qeyd olunmalıdır ki, xroniki böyrək çatışmazlığı ilə bağlı Proqram ümumlikdə bu xəstəliyin bütün mərhələlərini, eləcə də uşaqlarla bağlı tədbirləri əhatə etməyib. Proqramın xroniki böyrək xəstəliyinin neçənci mərhələsində olan xəstələri əhatə etdiyinin dəqiqləşdirilməməsi həm xəstələrin hemodializə təyin olunmasında, həm də böyrəkköçürmə məsələlərində bir sıra qeyri-müəyyənliklərə səbəb olub. Vurğulanmalıdır ki, Proqramda tədbirlərin yalnız fəaliyyətlərin istiqamətini təsvir etməklə həmin fəaliyyətlər üzrə cari, eləcə də 5 ili əhatə etməsinə baxmayaraq, aralıq və gözlənilən nəticə indikatorları müəyyən olunmayıb, bu isə öz növbəsində, Proqramın nəticəliliyinin müəyyən olunması imkanlarını məhdudlaşdırıb.
2016-2020-ci illər üzrə xroniki böyrək çatışmazlığı sahəsində Proqramda icrası nəzərdə tutulmuş 11 fəaliyyətdən 2016-2020-ci illərin dövlət büdcəsində yalnız 2-ci, o cümlədən böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkar edilməsi və onların tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin edilməsi və ehtiyacı olan xəstələr üzərində böyrəkköçürmə əməliyyatlarının həyata keçirilməsi ilə bağlı fəaliyyət üzrə maliyyə vəsaitləri konkret olaraq nəzərdə tutulub. Kadr hazırlığı və əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər müvafiq istiqamətlər üzrə ayrılmış vəsaitlər hesabına maliyyələşdirilib, beləliklə də Proqram üzrə tədbirlərin maliyyə yükü ilə bağlı hesabatlılığı təmin etmək mümkün olmayıb, bu isə öz növbəsində, məqsəd-vəsait-nəticə uyğunluğunun ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb. Proqramda xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi ilə bağlı tədbir nəzərdə tutulsa da, faktiki olaraq registr xroniki böyrək çatışmazlığından əziyyət çəkən bütün xəstələri deyil, yalnız dövlət hesabına hemodializ alan xəstələrin sayını əks etdirir ki, bu da qeyd edilən xəstəlik üzrə ölkədə real vəziyyətin qiymətləndirilməsi, bu istiqamətdə tədbirlərin konkret hədəflər üzrə müəyyənləşdirilməsi, nəticədə isə tələb olunan maliyyə yükünün hesablanması imkanlarını məhdudlaşdırır.
Proqramda registrin təkmilləşdirilməsinin 2016-2018-ci illəri əhatə etməsi göstərilsə də, audit sübutları mövcud registrə məlumatların natamam və ya bəzi hallarda yalnış daxil olunduğunu müəyyən edib ki, bu da, son nəticədə, mövcud vəziyyətin düzgün qiymətləndirilməsi və qeyd edilən sahədə gələcək fəaliyyətin konkret məqsədlərinin müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb. İxtisaslı kadrların hazırlanması ilə bağlı tədbirlərin qurumlar arasında uzlaşdırılmaması kadrların sayının tələb olunan saydan az olması, eləcə də nefrologiya ixtisası üzrə rezidentura təhsilini bitirən mütəxəssislərin təyinatları zamanı hemodializ şöbələrindəki kadr çatışmazlığının nəzərə alınmaması bir sıra hemodializ şöbələrinin fəaliyyətsiz qalması və 01.01.2022-ci il tarixə hemodializ şöbələrində həkim-nefroloq ştatlarının 29,1%-nin vakant olması ilə nəticələnib. Nazirlik tərəfindən tədbirlər proqramının icrasında koordinasiyanı həyata keçirəcək struktur bölmə və ya məsul şəxsin, proqramın icrasının nəticəliliyini qiymətləndirməyə imkan verən nəticə indikatorlarının müəyyən edilməməsi, xroniki böyrək xəstəliyi sahəsində dövlət strategiyasına dair sənədin qəbul olunmaması, əhaliyə nefrologiya profili üzrə tibbi yardımın göstərilməsi və hemodializ şöbələrinin fəaliyyətinin təşkili qaydalarının, hemodializ şöbələrində tibbi heyətin ştat normativləri və avadanlıqlarla təchizat standartlarının işlənib hazırlanmaması, icrası İTS-ə tapşırıldıqdan sonra da İTS və TƏBİB tərəfindən audit dövrünədək xroniki böyrək çatışmazlığı xəstələrinin hemodializə təyin olunması məqsədilə komissiya formalaşdırılmaması Proqram üzrə tədbirlərin nəticəli icrasına şərait yaratmayıb, bu sahədə fəaliyyətlər uzalaşdırılmadan həyata keçirilib.
Auditin nəticəsi olaraq, Kollegiya Qərarında Mərkəz tərəfindən Heparin 5000 BV/ml 5ml №5 dərman vasitəsi üçün artıq ödənilmiş 255,3 min manat vəsaitin dövlət büdcəsinə bərpasının nəzərə alınması tövsiyə edilib.