Hindistanın Mumbay şəhərinin ətrafında bir yaşlı qız anasının gözü qarşısında leopard tərəfindən qaçırılaraq parçalanıb.
Bu barədə "Indian Express" məlumat verilib.
Səhər saatlarında Eltiha Akhileş Lot adlı qız anası ilə evin həyətində oynayarkən bəbir kolların arasından sıçrayaraq uşağı tutub və meşəyə sürükləyib. Əvvəlcə ana nə baş verdiyini anlamayıb, daha sonra isə kömək çağırmağa başlayıb. Qışqırıq səsini eşidən qonşular və qohumlar hadisə yerinə qaçıblar.
Kənd sakinlərinin axtarışı nəticəsində, bir saat sonra yaralı qızı evlərinin 300 metrliyində tapıblar. Uşağın başında və çiyinlərində ciddi xəsarətlər olub.
Uşağı xəstəxanaya apararkən yolların bərbad vəziyyətdə olması səbəbindən tibb müəssisəsinə çatmaq çox vaxt aparıb. Nəticədə qız dünyasını dəyişib.
Qızın yaxınları bildiriblər ki, o, xəstəxanaya aparılarkən bəbir həmin yerə qayıdıb. Qonşular hadisədən iki gün sonra da vəhşi heyvanı görüblər.
Meşə xidmətinin nümayəndələri hadisə yeri yaxınlığında tələ və qəfəs qurublar. Eyni zamanda bu barədə Milli Park rəhbərliyinə məlumat verdiklərini bildiriblər.
Qeyd edək ki, daha əvvəl Hindistanın Karnataka ştatının Coveri Ualdlayf qoruğunda bəbir qeyri-qanuni olaraq meşəyə mal-qara otarmaq üçün gedən adamı öldürüb və onu yeyib.