Özəl tərəfdaşlara və kreditorlara verilən dövlət dəstəyi və təminatlar məlum olub.
Bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsinə “İnvestisiya fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil edilir.
Özəl tərəfdaşa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər:
- dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili;
- dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;
- dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat;
- subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu;
- tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat;
- Azərbaycan Respublikasının ərazisi və ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müstəsna hüquqların verilməsi;
- dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan hallarda, özəl tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi.
Özəl tərəfdaşın investisiyası, məhsulları və ya gəlirləri üzərində müstəqil sərəncam vermək, dövlət-özəl tərəfdaşlığı layihəsinə aid olan əmlakı və fəaliyyəti idarə etmək və ona nəzarət etmək hüququnu məhdudlaşdıran və ya özəl tərəfdaşın fəaliyyətinə mane olan və Azərbaycan Respublikasının qanunları ilə qadağan olunan hər hansı formada müdaxiləyə yol verilmir.